Konstitusiya referendumu Cənubi Qafqazın gələcəyini müəyyən edəcək- ÖZƏL
18:01 SiyasətAzərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Doha Forumu"nda bildirib ki, Azərbaycan üçün müharibə dövrü başa çatıb və əsas hədəf davamlı, geri dönməz sülhün təmin edilməsidir. Onun sözlərinə görə, sülh Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişməli və rifah gətirməlidir.
Hacıyev vurğulayıb ki, Azərbaycan sülh sazişini təkcə Ermənistan hökuməti ilə deyil, Ermənistan cəmiyyəti ilə də imzalamaq istəyir. O, hökumətlər arasında etimadın artmasını müsbət qiymətləndirib, lakin xalqlararası etimadın daha vacib olduğunu qeyd edərək, Azərbaycanın regional məsuliyyəti üzərinə götürdüyünü bildirib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Hikmət Hacıyevin Doha Forumunda çıxışı əlbəttə ki, maraqlı çıxışdır və çox doğru olaraq qeyd olunur ki, Azərbaycan dövləti Ermənistan cəmiyyəti ilə sülh bağlamağı düşünür. Çünki Ermənistan cəmiyyətində, Ermənistanda sülh prosesinə ciddi əngəl olmaq istəyən qüvvələr olduğunu bilirik. Bundan başqa, Ermənistanın qanunvericiliyində, o cümlədən Konstitusiyasında Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddiaları yer almaqdadır. Məhz bu səbəbdən Azərbaycanın əsas tələbi Ermənistanda Konstitusiya dəyişiklərinin həyata keçirilməsi və bu iddiaların aradan qaldırılmasıdır. O baxımdan referendum keçirilməsi həm gələcəkdə dayanıqlı, sabit sülhə töhfə verəcək, həm də Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsini bizə göstərəcək bir amil olacaq. Belə ki, əgər Ermənistan vətəndaşları Konstitusiya dəyişiklərinə dəstək verəcəklərsə, bu, o demək olacaq ki, Ermənistan cəmiyyəti Azərbaycanla sülh şəraitində yaşamaq istəyir. Əgər bunun əleyhinə mövqe sərgilənəcəksə, o zaman bu demək olacaq ki, mövcud vəziyyətdə sülhün əldə olunması üçün hələ kifayət qədər məsafə var.
Əgər Ermənistanda Konstitusiya dəyişikləri ilə bağlı referendum uğurla keçirilərsə və Azərbaycana qarşı ərazi iddialarından imtina olunarsa, bundan sonrakı dövrdə iki toplum arasında münasibətlərin normallaşması üçün daha intensiv iş həyata keçirilə bilər. Bu baxımdan Ermənistan xalqının Azərbaycanla sülh prosesində əsas rolu Konstitusiya referendumunda iştirak etmək və bölgənin gələcəyinə səs verməkdir. Bu olacaqsa, əlbəttə ki, xalqlar arasında gələcəkdə münasibətlərin normallaşması və bölgənin ümumilikdə sülh və əməkdaşlıq regionuna çevrilməsi imkanları artacaq. Bu da gələcəkdə hər iki toplumun, eləcə də Cənubi Qafqazda sülh, əməkdaşlıq və rifah mühitinin formalaşmasına ciddi təsir edəcək".
Zeynəb Mustafazadə