Sülhə xidmət əvəzinə gərginlik: Ermənistandakı azərbaycandilli kanalın fəaliyyəti niyə dayandırıldı? – ÖZƏL
17:57 SiyasətErmənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya gözlənilmədən yayımını dayandırıb. Kanalın rəsmi bəyanatında səbəb kimi maliyyə çətinlikləri və siyasi təzyiqlər göstərilsə də, bağlanmanın əsas səbəbi kimi iddialar daha fərqlidir. Məlumata görə, kanalın fəaliyyətinə son qoyulması, Real TV ilə keçirilən telekörpü zamanı erməni jurnalist Diana Karapetyanın Qarabağa "Artsax" deməsi ilə əlaqələndirilir. Həmin efirdə Vəfa Həmzəyeva bu ifadəyə dərhal kəskin reaksiya verərək "Qarabağ Azərbaycandır" mövqeyini xatırlatmışdı. O, kanalın bağlanmasının məhz bu vətəndaş mövqeyindən irəli gələn etirazla bağlı olduğunu bildirir.
"Kanalın bağlanması veriliş zamanı "Artsax" sözünün işlədilməsi və bunun yaratdığı gərginliklə bağlıdır. Əlbəttə, belə hallar ümumiyyətlə baş verməsə, daha yaxşı olar.
Hər halda çalışmaq lazımdır ki, həmin kanalda elə şəxslər iştirak etsin ki, gərginlik və qarşıdurma yaratmasın, əksinə, sülhə və anlaşmaya xidmət etsinlər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, belə bir televiziya kanalının fəaliyyəti yəqin ki, Ermənistan və Azərbaycan arasında media dialoquna töhfə vermək niyyəti ilə qurulmuşdu. Amma bu kimi hallar hər iki tərəfdə narazılıq və gərginlik yaradır. Ehtimal ki, bunu nəzərə alaraq belə addım atıblar. Həm də unutmamalıyıq ki, Ermənistan seçki ilinə girir, ölkə çox həssas bir dönəmə qədəm qoyur və orada baş verən hər bir yanlışlıq, hər bir qarşıdurma cəmiyyətdə əlavə gərginlik yarada bilər.
Ekspert qeyd edib ki, yəqin ki, bu problemləri aradan qaldırmaq istəyiblər və ya sadəcə olaraq belə xətaların qarşısını almaq üçün kanalı müvəqqəti olaraq dayandırmaq qərarına gəliblər. Maliyyə çətinliyi də ola bilər, başqa səbəblər də mümkündür. Amma bildiyim qədər, biz bu televiziya kanalının açılmasını xahiş etməmişdik. Özləri bu addımı atıblar və əgər açılıbsa, çalışmalıdırlar ki, o televiziya iki ölkə və iki xalq arasında anlaşmaya, uzlaşmaya xidmət etsin, əlavə gərginlik doğurmasın.
Lamiyə Cəbrayılova