Türkiyə-SDQ gərginliyi: "Vyetnam" təhdidi və anti-terror əməliyyatı realizmi – ÖZƏL
16:37 Siyasət"Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisinə daxil olması bölgədə yeni bir hərbi qarşıdurmanın baş verə biləcəyi kimi qiymətləndirilir. Buna səbəb Suriya Demokratik Qüvvələrinin rəhbəri Məzlum Abdi tərəfindən bir müddət əvvəl verilən "100 minlik ordumuz var, Türkiyəni Vyetnama çevirərik" açıqlamasıdır. Şübhəsiz ki, Türkiyə dövləti kimi ciddi bir ölkənin belə bir təhdidi qəbul etməsi mümkün deyil".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib. Ekspert bildirib ki, son vaxtlar Suriya Demokratik Qüvvələrinin həm mart ayında əldə olunmuş razılaşmanın şərtlərini yerinə yetirməkdən yayınması, həm də rəsmi şəkildə öhdəliklərdən boyun qaçırması fonunda Türkiyənin anti-terror əməliyyatına start verməsi real görünür. Qeyd edək ki, ayın 5-6-da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sərhəd bölgəsinə səfəri olmuşdu və belə yüksək rütbəli hərbi rəsmilərin səfərlərində əsas müzakirə mövzusu müdafiə və təhlükəsizlik məsələləri olur. Bu səbəbdən gecə saatlarında üç istiqamətdən Suriya ərazisinə daxil olma, yaxın günlərdə bölgədə silahlı birləşmələrin tamamilə silahsızlaşdırılması prosesinin başlanmasına işarə edir.
"Nəzərə alsaq ki, Suriya Silahlı Qüvvələri də Deyr əz-Zor istiqamətinə əlavə qüvvələr cəlb edir, xüsusilə də xüsusi təyinatlı bölmələrin həmin əraziyə göndərilməsi qarşıdakı günlərdə Suriyada yenidən hərbi əməliyyatların başlaya biləcəyini göstərir. Baş verənlər fonunda İsrailin necə mövqe sərgiləyəcəyi də maraq doğurur. Çünki Türkiyə uzun müddətdir İsrailin Suriyaya qarşı hava hücumlarına və Golan təpələri istiqamətindəki fəaliyyətlərinə ciddi reaksiya vermirdi. Hazırkı mərhələdə isə bölgədə Türkiyə-İsrail qarşıdurmasının yaranmaması üçün İsrailin proseslərdən kənarda qalması daha doğru addım hesab olunur," - deyə siyasi şərhçi vurğulayıb.
Ekspert qeyd edib ki, prosesin içində ABŞ-nin də rolu diqqət çəkir. ABŞ-nin Suriya üzrə mövqeyi və tərəflər arasında əldə olunmuş razılaşmalar Türkiyə və onun tərəfdaşlarının İsrail üçün təhlükə yaratmayacağını nəzərdə tutur. Yəni, əgər İsrail Suriyaya qarşı yeni hərbi müdaxilələrə başlamayacaqsa və Dürzi silahlı dəstələrinə əlavə dəstək verilməyəcəksə, vəziyyət nisbətən sabit qala bilər. Lakin tam şəkildə belə olmayacağı da real görünür. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi bu gün və sabah atılacaq addımlardan asılı olacaq.
Lamiyə Cəbrayılova