ABŞ yeni Avrasiya güc mərkəzinin formalaşmasında maraqlıdır- ÖZƏL

Noyabrın 16-da Daşkənddə Orta Asiya Respublikalarının iştirakı ilə keçirilmiş 7-ci Məşvərət İclasında Azərbaycanın da təmsil olunması və Prezident İlham Əliyevin iştirakı sadəcə protokol xarakterli görüş deyildi. Bu görüş əslində yeni geosiyasi xəttin - Orta Asiya və geniş anlamda Asiya regionunun Cənubi Qafqaz üzərindən Avropaya çıxışının formalaşdırılmasını özündə ehtiva edir.
Məşvərət İclasının sonradan tamhüquqlu bir təşkilata çevrilməsi və Azərbaycanın bu quruma rəsmi şəkildə daxil edilməsi təkcə iqtisadi deyil, həm də ciddi siyasi məqsədlər güdür və Orta Asiya blokunun vahid geosiyasi mərkəzə çevrilməsi nəzərdə tutulub. Əfqanıstan və Pakistanın da təşkilata üzvlüyü ehtimal olunur.
Şübhə yoxdur ki, təşkilatın məqsədi həm Rusiyanın, həm də Çinin təsir dairəsini məhdudlaşdırmaqdır. Yaranan blokun ABŞ-Türkiyə-Azərbaycan xətti ilə təhlükəsizlik garantiyasına çevrilməsi isə artıq açıq görünür.
Yeni təşkilatın yaradılması Pekinin Asiya və Orta Asiya üzərindən artan hegemonluğunun qarşısının alınması məqsədilə, Çinin "Bir Kəmər - Bir Yol" layihəsinə alternativ marşrutun qurulmasını hədəfləyir. Bu kontekstdə Hindistanın da layihəyə cəlb olunması gözlənilir. Təsadüfi deyil ki, Vaşinqton son dövrlərdə Hindistana Rusiyadan enerji daşıyıcılarına tələbatı azaltmaq çağırışlarını intensivləşdirib. Bu, Hindistanı həm Rusiyadan, həm də Çindən uzaqlaşdırmaq siyasətidir.
Diqqətçəkən məqamlardan biri budur ki, Daşkənddəki görüşdən əvvəl noyabrln 7-də Orta Asiya liderlərinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü baş tutmuşdu. Bu ardıcıllıq göstərir ki, yeni Orta Asiya bloku ABŞ-ın qlobal strategiyasının bir parçasıdır və Vaşinqton bu bölgəni yeni Avrasiya güc mərkəzi kimi formalaşdırmaq niyyətindədir.
Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Ermənistanla kommunikasiya xətlərinin açılmasını elan etməsi, Qazaxıstan buğdasının Azərbaycan üzərindən Ermənistana ixracı və tərəflər arasında münasibətlərin müsbət istiqamətdə dəyişməsi Cənubi Qafqazı yeni qlobal iqtisadi-geosiyasi arxitekturanın tərkib və zəruri elementlərinə çevirib. Hazırda Ermənistanın da Orta Asiya respublikalarının yaratdığı yeni təşkilata qoşulacağı barədə məlumatlar var. Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qərbə inteqrasiya strategiyası Orta Asiyada gedən proseslərlə bir-birini tamamlayır.
Görünür ki, ABŞ yeni Avrasiya güc mərkəzinin formalaşmasında maraqlıdır. Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və perspektivdə Əfqanıstan-Pakistan xətti vahid təhlükəsizlik və iqtisadi sistem kimi ABŞ-Türkiyə-Azərbaycan xətti üzrə koordinasiya olunur.
Bu mənada Zəngəzur dəhlizinin (TRIP yolu) yalnız regional deyil, həm də qlobal enerji və ticarət marşrutlarına əsas halqa kimi əhəmiyyəti ortadadır. Prosesdə Azərbaycanın rolu isə Cənubi Qafqazın hərbi-siyasi mərkəzi kimi həlledicidir.
Gedən qlobal proseslər Rusiyanı Cənubi Qafqazla, xüsusən də Ermənistanla bağlı ciddi addımlar atmağa məcbur edir. Gələn il iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın növbəti qələbəsinə imkan verilməməsi Rusiya üçün Cənubi Qafqazda mövcudluğunu qorumaq baxımından çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, son günlər Rusiya rəsmiləri Zəngəzur dəhlizinin əleyhinə fikirlər səsləndirirlər. Rusiyanın Azərbaycanla istədiyi münasibətə nail olmaması onu Ermənistandakı seçkilərə daha da ciddi fokuslandırır.



Vüqar Dadaşov
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31