Telekörpüdən sonra gələn qapanma: səbəb maliyyədir, yoxsa “Artsax” gərginliyi?- ÖZƏL
15:59 SiyasətErmənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya gözlənilmədən fəaliyyətini dayandırdığını açıqlayıb. Kanal gecə saatlarında 26 dəqiqəlik təcili efirə çıxaraq bağlanma qərarını elan edib. Rəsmi səbəb kimi maliyyə çətinlikləri və siyasi təzyiqlər göstərilsə də, əsas səbəbin erməni jurnalist Diana Karapetyanın Qarabağa "Artsax" deməsi olduğu iddia olunur. Hadisə Real TV ilə keçirilən telekörpüdən dərhal sonra baş verib. Həmin telekörpüdə Vəfa Həmzəyeva "Artsax" ifadəsinə kəskin etiraz edərək "Qarabağ Azərbaycandır" mövqeyini xatırlatmışdı.
Ermənistanda azərbaycandilli kanalın bağlanması sizcə təsadüfidir, yoxsa telekörpü zamanı baş verən "Artsax" gərginliyinin birbaşa nəticəsi kimi qiymətləndirilə bilər?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: " Böyük ehtimalla həmin cümlədə "Artsax" ifadəsinin işlədilməsi sonrası Ermənistanda Azərbaycan dilində yayımlanan bu kanalın fəaliyyəti dayandırılıb. Əslində, "Artsax" ifadəsinin Ermənistandan, ermənilərin dilindən tez-tez çıxması o qədər real görünmür. Çünki bu insanlar gözlərinə salınan ideologiya ilə yetişiblər və onu bir gündə, hətta ki, bir ildə sıradan çıxarmaq çətindir. Amma davamlı işlər və eyni zamanda dövlət siyasəti çərçivəsində bunlar tənzimlənə bilər. Bu, məsələnin bir tərəfidir.
İkinci tərəfi isə odur ki, həm Azərbaycan, həm Ermənistan tərəfi ümumiyyətlə sülhə zərər verə biləcək ritorikalardan, ifadələrdən və bu tip açıqlamalardan uzaq durmalıdır. Hələ sülhün bu qədər kövrək olduğu bir zamanda bu, həyati əhəmiyyət kəsb edən məsələdir. Yəni, sülh təkcə diplomatiya masasında və ya hərbi qələbə nəticəsində əldə edilmir.
Sülhün əldə edilməsi onun davamlı olacağı anlamına da gəlmir. Bunların hamısı altbazası və dayaqları olmadan sıradan çıxa biləcək məsələlərdir. Və indiki məqamda əgər biz sülhdən danışırıqsa, o zaman ictimaiyyət, mədəniyyət xadimləri, jurnalistlər, ekspertlər də məsələyə bu cür yanaşmalıdır.
Hesab edirəm ki, iki ölkə arasında sülh davam etdiyi təqdirdə və tərəflərin konstruktiv yanaşmaları fonunda, ictimaiyyət daxilində də bu tip ifadələrin işlədilməsi tədricən azalacaq və sülhə mane olacaq hər bir detal, element sıradan çıxarılacaq. Bu hadisənin iki ölkə arasında yeni yaranan media dialoq cəhdlərinə təsirinə gəldikdə isə, bilirsiniz, bu tip situasiyalar hələ çox olacaq. Çünki münasibətlər hələ kövrəkdir. Biz münasibətlərin pozitiv məcraya yönəldiyini görürük, bu, şübhəsizdir. Amma nəzərə almaq lazımdır ki, hələ çox həssas bir dövrdən keçirik və daha sürətli sülhdə maraqlı olmayan daxili və xarici qüvvələr var. Bu həm Azərbaycanda var, həm Ermənistanda var, regionumuzda da var, qlobal miqyasda da var.
Ona görə də bu tip məsələlərin birbaşa neqativ tərəflərindənsə, bu neqativ tərəfləri yaradan amilləri necə sıradan çıxara biləcəyimizə fokuslanmaq lazımdır. Mən hesab edirəm ki, tərəflər sülhə sadiq qaldıqca və sülhə mane olacaq hər bir detala qarşı radikal tutum sərgiləsələr, sülh davamlı və möhkəm olacaq. Yox əgər belə deyək, "kiçik detallar" deyib keçsək, həmin kiçik detallar bir gün böyüyə-böyüyə yenidən gərginlik yaradacaq məqama çatacaqdır".
Zeynəb Mustafazadə