Ermənistan Ədliyyə naziri: Arxiyepiskop Acanapahyan tibbi yardım üçün rəsmi müraciət etməyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə açıqlayıb ki, həbsdə olan arxiyepiskop Mikael Acanapahyan tibbi yardım üçün rəsmi müraciət etməyib. O, "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyanın arxiyepiskopun təcili əməliyyata ehtiyacı olması barədə iddialarına münasibət bildirib.

Qalyanın sözlərinə görə, Acanapahyanın vəziyyətində təcili tibbi müdaxilə tələb edən qəfil pisləşmə əlamətləri yoxdur. Rəsmi müraciət təqdim edildiyi təqdirdə məsələ qanunvericiliyə uyğun olaraq dərhal araşdırılacaq. Nazir bildirib ki, sənədin hazırlanmasında çətinlik yaranıbsa, onun hüquqşünasları bu gün belə vəkillə görüşüb kömək etməyə hazırdır.

Ermənistan hakimiyyəti ilə Apostol Kilsə arasında gərginlik Paşinyanın kilsə rəhbərliyinə yönəlik sərt açıqlamalarından və Katolikosun seçilməsi qaydasını dəyişmək təşəbbüsündən sonra artıb. Bu fonda üç yeparxiyanın rəhbərləri arxiyepiskoplar Baqrat Galstanyan və Mikael Acanapahyan, habelə yepiskop Mkrtıç Proşyan müxtəlif ittihamlarla həbs edilib. Eçmiədzin kargüzarlığının rəhbəri Arşak Xaçatryan da saxlanılanlar arasındadır.

27 noyabrda bir qrup din xadimi tərəfindən yayılan bəyanatda Katolikos Qaregin II arxiyepiskop Arşak Xaçatryanla bağlı yayılan intim videolara münasibətdə "günahı ört-basdır etmək"də ittiham olunub. Dekabrın 29-da isə həmin qrup Katolikosu könüllü istefaya çağıran yeni bəyanat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31