Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları təsdiq edilib - FƏRMAN

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları" təsdiq edilib.

Prezident İlham Əliyev bununl abağlı Fərman imzalayıb.

Qaydalara əsasən, Kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) (sifarişçi) Bakı şəhərinin, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, digər inzibati ərazi vahidlərində isə yerli icra hakimiyyəti orqanlarını (bundan sonra - məlumatlandırılan orqan) bu Qaydalara uyğun olaraq məlumatlandırmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlarda Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müvəqqəti tikililər, yəni torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edə və quraşdıra bilər.

Bundan başqa, Sifarişçi müvəqqəti tikili inşa etmək üçün həmin tikilinin istifadə ediləcəyi müddəti göstərməklə, məlumatlandırılan orqana şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi (bundan sonra - sistem) vasitəsilə məlumat verməlidir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilə bilər.

Müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31