"Cənub cinahına qoşulma" ifadəsi sadəcə tərəfdaşlıqdır: NATO-Azərbaycan əlaqələri – ÖZƏL

"Azərbaycan və NATO arasındakı əlaqələr hər zaman yüksək xətt üzrə inkişaf edib. Məlum olduğu kimi, Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının üzvüdür və bu çərçivə ölkəmizin NATO-nun müxtəlif təlim və tədbirlərində daha geniş şəkildə iştirakını təmin edib. Azərbaycan tərəfi həmişə NATO ilə əməkdaşlığa böyük önəm verib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu illər ərzində NATO-nun müxtəlif təlim proqramları, o cümlədən əməliyyat planları çərçivəsində Azərbaycan fəal şəkildə iştirak edib. Bunun nəticəsi olaraq Azərbaycan dünyanın müxtəlif ölkələrində sülhməramlı missiyalarda NATO ilə birlikdə fəaliyyət göstərib.

"NATO-nun Azərbaycanı "Cənub cinahına qoşması" kimi ifadələr isə sadəcə tərəfdaşlıq çərçivəsində qiymətləndirilməlidir. Bu, hərbi bloklara qoşulmaq anlamına gəlmir. Sadəcə olaraq, iki tərəf arasında davam edən normal və qarşılıqlı əməkdaşlıq bu cür tərəfdaşlıq layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bu baxımdan Azərbaycanın hansısa xüsusi cinaha qoşulduğunu iddia etmək doğru deyil. Söhbət yalnız tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən layihələrdən gedir. NATO ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə də davam edəcək," - deyə siyasi şərhçi əlavə edib.

Ekspertin sözlərinə görə, Azərbaycan ordusunun qurulmasında NATO standartları əsas götürülüb və xüsusilə Türkiyə modelinin tətbiqi bu istiqamətdə ciddi göstəricidir. Yaxın gələcəkdə də Azərbaycan-NATO əlaqələrinin inkişafının şahidi olacağıq.
 
Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31