Ermənistan Rusiya sanksiyalarına qoşulmayacaq: İqtisadi asılılıq Qərbi kölgədə qoyur – ÖZƏL

"Ermənistan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayacaq. Bu, tam aydın və birmənalıdır. Çünki Ermənistan çox yaxşı anlayır ki, Rusiya onun yaxın qonşusudur, strateji tərəfdaşıdır və iki ölkə arasında iqtisadi və siyasi sahələrdə geniş tərəfdaşlıq müqavilələri mövcuddur. Buna görə də Ermənistan heç vaxt Avropa Birliyi və ümumilikdə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçinin sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşür ki, Avropa Birliyi Gürcüstan nümunəsində olduğu kimi nə qədər yardım və iqtisadi dəstək göstərsə də, Ermənistan üçün Rusiya ilə əlaqələr daha vacibdir. Ermənistanın ümumi daxili məhsulunun böyük hissəsi Rusiya bazarında reallaşır, Avropa Birliyində isə bu göstərici xeyli aşağıdır. Eyni zamanda Rusiya Ermənistana həm enerji, həm kənd təsərrüfatı, həm logistika, həm də ümumi iqtisadi sabitlik baxımından daha yaxındır. Rusiya Ermənistan iqtisadiyyatının tənzimlənməsində də böyük rol oynayır. Bu səbəbdən Ermənistan nə qədər Avropa Birliyi ilə yaxınlaşsa da, Rusiyaya qarşı çıxmayacaq.

"Gürcüstan misalında da gördük ki, Tbilisi də son zamanlar Avropa Birliyi ilə Rusiya arasında balanslaşdırılmış siyasət yürütməyə başlayıb. Bu isə Avropa Birliyinin narazılığına səbəb olur. Hazırda AB Gürcüstanın Rusiyaya yaxınlaşmasını müəyyən problemlərlə qarşılayır.
Bütün bunlara görə, bu gün nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstan - ümumilikdə Cənubi Qafqaz ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Bu dövlətlər Rusiyayla münasibətləri normal səviyyədə saxlamaq niyyətindədir," - deyə ekspert əlavə edib. 

R. Məmmədova qeyd edib ki, Avropa Birliyinin bu ölkələrə verdiyi maliyyə dəstəyi, yardımlar və kreditlər isə açıq şəkildə həmin ölkələri Rusiyadan uzaqlaşdırmaq məqsədi daşıyır. Həm Ermənistan, həm də digər regional ölkələr bunu anlayır. Bu siyasət diplomatik münasibətlərdə müəyyən gərginlik yaratmaq niyyətinə xidmət edir.

"Ermənistanın həm Avropa Birliyi, həm də ABŞ ilə çox yaxşı münasibətləri mövcuddur. ABŞ-də də, Avropada da Ermənistanla bir sıra tərəfdaşlıq sazişləri imzalanıb. Ermənistan həm regionda, həm də ümumilikdə Qərb ilə münasibətlərini normal səviyyədə saxlamaq üçün bu istiqamətdə fəaliyyət göstərir," - deyə siyasi şərhçi sonda bildirib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31