Putin Qərbin qarşısına bu ölkəni çıxarır-Avropa əndişədə

Hazırda dünyanın diqqəti Hindistandadır. Rusiya prezidenti Vladimir Putin son illərdə ən böyük səs-küyə səbəb olan bir səfərini reallaşdırdı. Dehlidəki Heydərabad sarayında Kremlin sahibi ilə Baş nazir Narendra Modi arasında baş tutan görüş Avropa ölkələrini narahat etməyə bilməz. Çünki, Kollektiv Qərb ağır sanksiyalarla, eyni zamanda, Rusiyanı Ukrayna savaşına salmaqla onu zəiflədəcəyini proqnozlaşdırmışdı.

Amma indi nə baş verir? Şimal qonşumuz üçün yeni bir "nəfəslik açılır". Hindistan etiraf olunmalıdır ki, sıradan bir ölkə deyil. Son illərdə əhalisinin artımına görə, Çini də ötüb dünya liderinə çevrilən Hindistan iqtisadi göstəricilərinə, silah istehsalına görə də üst səviyyələrdədir. Belə bir ölkə ilə Rusiyanın əməkdaşlığını daha da sıxlaşdırması heç şübhəsiz ki, Ukrayna cəbhəsində Putinin əlinə oynayacaq. Bunu isə Qərb dünyası hesablamamış deyil.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a açıqlamasında Rusiyanın Hindistandan qazanacaqları dividentlərə toxundu: "Putinin Hindistana gerçəkləşdirilən 2 günlük rəsmi səfəri diqqətlə izlənilir. Xüsusən də Qərb bu səfər və əldə edilən razılaşmalardan narahatdır. Prezident Putinin Hindistan baş naziri tərəfindən yüksək səviyyədə qarşılanması, çox nadir hallarda edilən diplomatik jest təsadüfi sayılmamalıdır. Hələ Sovetlər dönəmində Moskva ilə Dehli arasında geniş əməkdaşlıq var idi və Hindistan keçmiş SSRİ-nin etibarlı tərəfdaşı hesab olunurdu. Modinin qonağa qarşı yüksək diqqəti Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyinin göstəricisidir. Hindistan bloklara qoşulmayan ölkələrdən olsa da, son dövrlər müdafiə qüdrətini artırmağa və beynəlxalq müstəvidə fəal siyasi oyunçulardan biri olmağa çalışır. Əhalisinin sayına görə dünyada liderlik edən bu ölkənin son dövrlər iqtisadiyyatı da genişlənməkdədir. Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa iddialıdır və Moskva ona dəstək göstərir. Ukrayna-Rusiya müharibəsinin şiddətləndiyi və müharibə ilə bağlı danışıqların intensivləşdiyi, Moskva-Vaşinqton arasında diplomatik fəallığın artığı dönəmdə Putinlə Modi arasında aparılan danışıqlar, razılaşmalar daha fundamental hədəflərə yönəlməsindən xəbər verir, dünyanın ABŞ və Qərb hegomonluğundan çıxarılması çoxqütblü dünya nizamının qurulması, Qlobal Şərq ideyasını Qlobal Qərbə qarşı qoymaq üçün güclərin birləşdirilməsi.

Президент РФ Владимир Путин и премьер-министр Индии Нарендра Моди во время встречи - РИА Новости, 1920, 05.12.2025

Hər iki liderin verdikləri bəyanatlardan aydın olur ki, tərəflər müdafiə sənayesinin təkmilləşdirilməsinə, yeni texnoloji tətbiqlər, həmçinin nüvə enerjisi sahəsində daha genişçaplı əməkdaşlıq edəcəklər, beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparacaqlar, BMT-nin rolunun və nüfuzunun bərpa edilməsinə səy göstərəcəklər. Bütün bunlar isə Qərb üçün ciddi siqnallardır. Putin Hindistanın simasında özünə tərəfdaş tapması onun mövqeyini gücləndirir ki, bu da indiki vəziyyətdə danışıqlar masasında özgüvən hissləri yaradır. Onu da vurğulayaq ki, Qərb dünyasında parçalanmalar və ABŞ-ın ancaq birtərəfli qaydada öz maraqlarını önə çəkməsi fonunda Putinin atdığı addımlar və fəallaşması qorxulu tendensiyalara yol açır. Kremlin iddiaları və ambisiyaları daha da böyüyür və təhdidləri artırır. Doğrudur, Hindistanla Çin və Pakistan kimi digər nəhənglər rəqabətdədirlər və bu, Hindistanın geniş əl-qol açmasını da, Kremlin manevr imkanlarını da məhdudlaşdırır. Hazırda Rusiyanın indiyədək müharibə apara bilməsi məhz Çin faktoruna bağlıdır desək yanılmarıq. Lakin bununla belə Putin Hindistan səfərində qazanacağı dividentləri də xəfifə alınmamalıdır. Modinin açıqlamasından məlum olur ki, liderlər Ukrayna məsələsində mütəmadi məsləhətləşmələr aparırlar".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31