İlyas Hüseynov: “Azərbaycan hər addımı ilə Qərbi Azərbaycana qayıdışı sürətləndirir"- ÖZƏL

Prezident İlham Əliyev "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası- ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciətində Qərbi Azərbaycan İcmasının öz ata-baba torpaqlarına qayıdacağına inamını ifadə edib. Prezident,  2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamə və sülh sazişi layihəsinin paraflanmasının iki xalq arasında birgəyaşayış üçün yeni perspektivlər yaratdığını və Qərbi azərbaycanlıların sülh yolu ilə geri dönüşü və mehriban qonşuluq münasibətlərinin formalaşmasını mümkün olduğunu bildirib. 
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
"  Artıq üçüncü dəfədir keçirilən Qərbi Azərbaycan mövzusunda Beynəlxalq Konfrans hesab edirəm ki, tarixi torpaqlara, dədə-baba yurduna qayıdış istiqamətində mühüm addımdır və Prezident İlham Əliyev də Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlamışdır. Burada da vurğulanan əsas məsələ ondan ibarətdir ki, Qərbi azərbaycanlıların sülh yolu ilə geri dönüşü və mehriban qonşuluq münasibətlərinin formalaşması haqqında ümumi düşüncələr vardır. Hesab edirəm ki, 8 avqust tarixində Vaşinqtonda paraflanan Sülh Müqaviləsi Azərbaycan və Ermənistan arasında sülh, təhlükəsizlik, sabitlik və birgə yaşayış istiqamətində mühüm üfüqlər formalaşdırır və məhz bu imkanlardan maksimum dərəcədə istifadə etmək uzunmüddətli sabitlik yarada bilər. Bu xüsusda hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq siyasətinin bərqərar olunması üçün Qərbi Azərbaycana tarixi qayıdış həyata keçirilməlidir. Bu nə qədər çətin bir proses olsa da, bu mühüm məqsədlərə çatmaq mümkündür və Azərbaycan atdığı hər bir addımla Qərbi Azərbaycana qayıdış prosesini daha da sürətləndirir. Əsas hədəf də ondan ibarətdir ki, Qərbi azərbaycanlıların hüquqları bərpa olunsun və qayıdış prosesi icra olunsun". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31