Azərbaycanlıların dədə-baba yurdlarına qayıdış haqqı: "Tankla yox, maşınlarla" – Azad Məsiyev – ÖZƏL
15:57 Siyasət"Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları hesabına yaradılmış bir dövlətdir. 1918-ci ildə Ararat Respublikası qurulanda Ermənistan cəmi 9 min kvadratkilometr ərazi ilə tanınmışdı. Bu gün isə Ermənistan 29 min kvadratkilometrə qədər ərazini yenə Azərbaycan torpaqları hesabına genişləndirib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu genişlənmə bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Bütün bunlara baxmayaraq, oradan yarım milyona yaxın soydaşımız qovuldu. Azərbaycanlıların Ermənistanda tarixi torpaqları olmasına baxmayaraq, onları oradan məcburi şəkildə deportasiya etdilər. Eyni zamanda həmin ərazilərdə qədim dədə-baba yurdlarımızı, qəbiristanlıqları dağıtdılar. Bununla da kifayətlənməyərək, sonradan Azərbaycanın 20% -dən çox ərazisini işğal etdilər.
"Ermənilər uzun illər Azərbaycanlılara qarşı düşmənçilik fəaliyyəti həyata keçiriblər. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən dərhal sonra sülh təşəbbüsü göstərən tərəf Azərbaycan Prezidenti oldu. Ermənistanla sülh müqaviləsi imzalanması üçün beş əsas prinsipi təqdim etdi. Azərbaycanın məqsədi qonşularla dinc yanaşı yaşamaqdır.
Ermənistana sülh təklifi ediləndə, nəzərə alınmışdı ki, bu ölkə 30 il Azərbaycan torpaqlarını işğal edib və yarım milyondan artıq soydaşımızı oradan qovub. Buna baxmayaraq, Azərbaycan yenidən sülh təşəbbüsü göstərdi ki, münasibətlər normallaşsın," - deyə ekspert qeyd edib.
A. Məsiyev əlavə edib ki, həmçinin Ermənistan-Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması ilə bağlı Ermənistan öz üzərinə öhdəlik götürmüşdü, lakin təəssüf ki, hələ də bunu yerinə yetirməyib. Bunun fonunda Azərbaycan humanist mövqe nümayiş etdirir - Prezidentin razılığı ilə Ermənistanın taxılının Azərbaycan üzərindən daşınmasına belə icazə verilir. Bu, Azərbaycanın sülh missiyasına sadiq olduğunu bir daha göstərir.
"Azərbaycanlıların dədə-baba yurdlarına qayıtmaq hüququ beynəlxalq konvensiyalarda öz əksini tapıb. Əgər Ermənistan dövləti və Ermənistan xalqı qonşuluq münasibətlərində dinc yanaşı yaşamaq prinsipinə əməl edəcəksə və xalqlar arasında barış siyasəti bərqərar olarsa, təbii ki, Azərbaycanlıların geri qayıtmaq hüququ var. Bu, həm beynəlxalq hüquqda, həm də konvensiyalarda təsbit olunub. Ermənistan xalqı Azərbaycana qarşı düşmənçiliyini dayandırsa, nifrət ritorikasından imtina etsə, zamanla Azərbaycanlıların tarixi torpaqlarına geri qayıtması mümkün olacaq. Təbii ki, bu məsələ erməniləri müəyyən qədər narahat edir. Bunun səbəbi odur ki, ermənilər torpağa bağlı olmayan, köçəri bir xalqdır. Bilirsiniz ki, Rusiyada, Fransada, Amerikada geniş şəkildə köç edərək yaşayırlar. Əgər torpağa bağlı olsaydılar, öz dövlət elan etdikləri ərazidə yaşardılar. Onların qədim torpaqları olmadığı üçün başqa ölkələrdə yaşamaq onlar üçün daha rahatdır.
Azərbaycanlılar isə torpağa bağlı bir xalqdır. Bolşevik Şaumyanın belə bir fikri var idi: erməniləri "erməni ziyalıları tərəfindən hazırlanmış erməni millətçiləri", azərbaycanlıları isə "təbii şəkildə yetişmiş müsəlman vətənpərvərləri" adlandırırdı. Bu da Azərbaycanlıların torpağa və vətənə bağlılığını göstərir," - deyə siyasi şərhçi vurğulayıb.
Ekspert bildirib ki, Ermənistandan qovulmuş yarım milyona yaxın soydaşımızın dədə-baba torpaqlarına böyük bağlılığı var və onlar bu torpaq həsrətilə yaşayırlar. Azərbaycanda Qərbi Azərbaycan icmasının fəaliyyəti və onların bəyanatları göstərir ki, geri dönüş niyyəti güclüdür və tarixi torpaqlar unudulmur. Azərbaycan Prezidenti də çıxışlarında açıq şəkildə bildirir ki, biz dədə-baba torpaqlarımıza tankla, topla yox, maşınlarla, yəni dinc yolla qayıdacağıq. Ermənilərlə barış yaradıldıqdan və beynəlxalq hüquqa uyğun şərait formalaşdıqdan sonra köç prosesinin həyata keçirilməsi mümkün olacaq. Bu bəyanatlar onu göstərir ki, Azərbaycan öz tarixi torpaqlarını unutmur. Ermənilər isə torpağa bağlı bir millət deyillər, köçəri həyat tərzi onlara daha uyğundur. Elə ona görə də indiyə qədər Ermənistanın əhalisinin 1 milyon 200 min, 1 milyon 300 min və hətta 500 min olduğu barədə müxtəlif məlumatlar dolaşır. Bu da əslində onların öz dövlətlərinə bağlı olmadığını göstərir.
"Biz xalq və dövlət olaraq qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürürük. Xalqlar arasında barış əldə olunduqdan sonra tarixi torpaqlarımıza geri qayıtmaq bizim haqqımızdır," - deyə Azad Məsiyev sonda vurğulayıb.
Lamiyə Cəbrayılova