Aİ-Ermənistan strateji tərəfdaşlığı: sanksiya tələbi Qafqazda yeni qarşıdurma xətti açırmı?- ÖZƏL
14:59 SiyasətAvropa İttifaqı Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb və tərəflər Strateji Tərəfdaşlıq Gündəliyini imzalayıblar. Aİ Ermənistanın dayanıqlığı üçün 15 milyon avro ayıracağını açıqlayıb. Kaya Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb və İrəvanın xarici siyasətinin Aİ qərarları ilə uyğunlaşma səviyyəsinin hazırda 37% olduğunu bildirib.
Bu fondda Ermənistanın Rusiya ilə ticarəti kəskin artıb: son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə böyüyüb, yalnız Rusiya idxalı 1,8 milyard dollardan 9,2 milyarda yüksəlib. Bu göstəricilər Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda vasitəçilik etdiyi barədə ehtimalları gücləndirir və bölgəni yeni geosiyasi qarşıdurma məkanına çevirir.
Aİ-nin Ermənistana ayırdığı maliyyə dəstəyi və sanksiyalara qoşulma tələbi bölgədə hansı yeni geosiyasi qarşıdurma xəttini formalaşdırır? Bu proses Qafqazdakı güc balansına necə təsir edə bilər?

Mövzu ilə bağlı mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Maraqlı məsələlərdir. Ermənistan bilməli idi ki, Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinin bu şəkildə tənzimlənməsi sonunda belə tələblərin ortaya çıxması ilə nəticələnəcəkdir. Bu nədir? Təbii ki, maliyyə boşuna verilmir ki, onun qarşılığında tələblər olacaqdır və artıq bu tələblər daha konkret səslənməkdədir. Bu, Rusiyaya qarşı sanksiyalara konkret olaraq qoşulmaq tələbidir. Bu, Rusiyanın geosiyasi təcrid siyasəti prosesində fəal iştirak tələbidir. Avropa İttifaqı Ermənistana qarşı artıq belə məsələləri tələb şəklində irəli sürür. Avropa inteqrasiya kursu götürən ölkə bunların baş verə biləcəyini əvvəlcədən nəzərə almalıdır. Təbii ki, güc balansının bu gün üçün- Rusiyanın Ukraynada başının qarışdığı situasiyada ola bilsin ki, Rusiya o reaksiyanı verə bilməsin və yaxud verməsin. Əsas diqqət Ukraynadakı məsələlərə yönəlib. Amma bu mövzulardan sonra Rusiya bu Ermənistan məsələsinə qayıda bilər və belə davranışını müəyyən cəzalandırma kimi Ermənistana qarşı addımlarla göstərə bilər. Bu, artıq Cənubi Qafqazda gərginlik mənbəyinə çevrilməsinə səbəb ola bilər. Ermənistanın sanksiyalara konkret olaraq qoşulması isə indiyə qədər Ermənistanın bu məsələləri sözdə icra edib, əməldə isə yox. Sanksiyalara qoşulması Rusiya üçün çətin situasiyalar, çətin məqamlar yarada bilər.
Çünki Ermənistan nə qədər avrointeqrasiya məsələlərini gündəmdə saxlayırsa da, Rusiya əleyhinə konkret sanksiyalar məsələlərində iştirak etmirdi. Hətta bir sıra məqamlarda Ermənistanla Rusiyanın ticarəti artmışdı və bu, çox ciddi şübhələr yaratmışdı ki, Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına kömək edir və bunun qarşılığında ticarətdən yaxşı gəlir götürür. Artıq bu məsələlərə son qoyulmasının zamanı çatıb. Məsələn, konkret olaraq sanksiyalara qoşulacağı təqdirdə Rusiya üçün çox çətin situasiyalar yarana bilər".
Zeynəb Mustafazadə