Rəsmi Tiflisdən Qərbə SƏRT MESAJ: Zamanında arxamızda dayansaydınız...

Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ATƏT toplantısında çıxışı zamanı rəsmi Tiflisin Qərbə ünvanladığı sərt və açıq mesajı səsləndirib.

Nazir xüsusilə vurğulayıb ki, Gürcüstan üçün sabitlik həyati əhəmiyyət daşıyır, çünki ölkəni qoruyan heç bir kollektiv təhlükəsizlik mexanizmi yoxdur.

Musavat.com-un xəbərinə görə, bu çıxış Tiflisin Qərbə göndərdiyi gizli, lakin açıq mesajın mahiyyətini əks etdirir: "Vaxtında bizi qorusaydınız, bu gün belə olmazdı".

Rəsmi Tiflis xatırladır ki, 2008-ci ildə Rusiya Gürcüstana hücum edib və Abxaziya, Cənubi Osetiyada qondarma rejimlər yaradıb. Həmin vaxt NATO, ABŞ və Avropa ölkələri Gürcüstanın yanında durmayıb. Nəticədə ölkə parçalanıb və minlərlə insan həlak olub.

Boçorişvili çıxışında həmçinin "koordinasiyalı destabilizasiya cəhdləri" ifadəsini istifadə edib.

Bu, Qərb yönümlü fondlar və qeyri-hökumət təşkilatlarının Gürcüstanda siyasi proseslərə müdaxiləsi ilə bağlıdır. Tiflis buna diqqət çəkərək vurğulayır: "Qərb üçün bizim suverenliyimiz yox, öz maraqları önəmlidir".

Nazirin mesajı mahiyyətcə belə səslənir: "Qərb nə Gürcüstanı, nə Ukraynanı qorudu və heç vaxt heç bir ölkənin arxasında sonadək dayanmır. Ona görə hər bir dövlət öz təhlükəsizliyini özü təmin etməlidir".

Ekspertlər bu bəyanatı Gürcüstanın xarici siyasət xəttində dəyişiklik və Qərbə inamsızlığın dərinləşməsi kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31