“Ramiz Mehdiyev işi” genişlənir: AMEA rəhbərliyi də istintaqa çağırılır – Yeni ittiham gəlir
18:42 SiyasətPrezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı cinayət işində yeni mərhələ başlayıb.
İstintaq yalnız Ramiz Mehdiyevin özünü yox, onun AMEA-ya rəhbərlik etdiyi dövrdə idarə etdiyi komandanı da prosesə daxil etməyə hazırlaşır.
Gununsesi.info bu xüsusda yaydığı məlumata görə işə yeni adlar və ittiham gəlir.
Məlumata görə, Ramiz Mehdiyevə qarşı irəli sürülmüş ağır ittihamlara - dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması siyahısına daha biri əlavə oluna bilər. Söhbət Cinayət Məcəlləsinin 179-cu mənimsəmə və ya israf etmə gedir. Bu maddənin işə daxil edilməsi təsadüfi deyil. İddiaya görə, AMEA-ya rəhbərliyi dövründə quruma ayrılan vəsaitlər, təsərrüfat idarəçiliyi, tenderlər, institutların büdcəsi və təsərrüfat xərcləri üzrə çoxsaylı şübhəli epizodlar üzə çıxıb və həmin materiallar istintaqa təqdim olunub.
Məhz bu səbəbdən Ramiz Mehdiyev işinə yeni həcmlər verilir və dosyenin genişləndiriləcəyi gözlənilir.
Maraqlı məqam budur ki, bu dəfə istintaqın radarına keçmiş rəhbər yox, həm də hazırkı AMEA rəhbərliyi düşüb. Məlumatda bildirilir ki, yaxın günlərdə AMEA-nın prezidenti İsa Həbibəyli, vitse-prezident Dilqəm Tağıyev, vitse-prezident İradə Hüseynova, AMEA İşlər İdarəsinin rəhbəri Elton Quliyev istintaqa cəlb olunacaqlar.
İstintaq bu şəxsləri Mehdiyevin AMEA-ya rəhbərliyi dövründə baş vermiş korrupsiya şübhələri fonunda dindirəcək. Bu isə o deməkdir ki, iş artıq tək bir şəxsin müdafiə dairəsindən çıxıb, bütövlükdə Akademiyanın maliyyə və idarəetmə sisteminə yönəlib.
Xatırladaq ki, Ramiz Mehdiyev 2019-2022-ci illərdə AMEA-ya rəhbərlik edib. Onun dövründə Akademiyada bir-birinin ardınca qalmaqallar, istefalar, struktur dəyişiklikləri və maliyyə mübahisələri yaşanıb. Akademiyanın institutlarında yoxlamalar aparılmış, audit Rəyinin nəticələri isə "qanun pozuntuları ehtimalı" kimi prokurorluğa təqdim olunmuşdu.
Elmi ictimaiyyətdə həmin dövr belə təsvir olunurdu: "Akademiyada elmdən çox idarəçilik mübarizəsi gedirdi.
İndi həmin şübhələrin rəsmi istintaq mərhələsinə daşınması, uzun illərdir davam edən qeyri-şəffaflıq iddialarını aktuallaşdırır. Məlum olduğu kimi, məhkəmə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçib. Bu, Azərbaycan siyasi reallığında nadir görülən haldır: uzun illər siyasi-ideoloji sistemin sütunlarından biri sayılan şəxs indi dövlət əleyhinə ən ağır maddələrlə ittiham olunur. Əgər yeni mənimsəmə və israf rəsmi ittihama daxil edilərsə, Ramiz Mehdiyevin cinayət işinin miqyası xeyli genişlənəcək.
Ekspertlərin fikrincə, Azərbaycan son illər aparılan islahatlar fonunda "toxunulmaz" hesab edilən şəxslər və strukturlar üzrə də hesabat tələb edən yeni mərhələyə keçib. AMEA kimi böyük büdcəyə malik strukturun illərlə qeyri-şəffaf işləməsi, elmdən kənar təsərrüfat maraqlarının önə çıxması çoxdan narazılıq doğururdu.
Bu iş isə bir sıra məqamları gündəmə çıxarır: Dövlət vəsaitlərinin hara və necə xərcləndiyi, Akademiyada təsərrüfat işlərinin kimlər tərəfindən və hansı mexanizmlərlə idarə edildiyi, müəyyən qrupların uzun illər akademik elmi monopoliyada saxlaması, istintaqın AMEA rəhbərliyini də dinləməsi göstərir ki, məsələ artıq bütöv struktur üzrə təhlil olunacaq.
"Ramiz Mehdiyev işi" Azərbaycan ictimai-siyasi sistemində illərdir toplanan sualların cavablandırılması üçün mühüm əhəmiyyət daşıyır. Yeni ittihamın əlavə olunması və AMEA-nın yüksək rəhbərliyinin ifadəyə çağırılması prosesin daha geniş həcmlə davam edəcəyini göstərir.
Bu, həm də Azərbaycanda uzun müddət toxunulmaz görünən akademik-məmur elitası barədə yeni reallığın formalaşdığını göstərən mühüm siqnaldır.