Rusiya Ukraynada taktiki üstünlük əldə etməyə çalışır
11:00 SiyasətArdınca hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq
Rusiya-Ukrayna müharibəsi təkcə müxtəlif ittifaqlarda birləşən dövlətləri deyil, eləcə də ayrı-ayrı qitələri qarşı-qarşıya qoyub. Vəziyyət o həddə çatıb ki, dünyada hegemonluq etmək niyyətində olan super dövlətlər belə proseslərə nəzarət imkanlarını itiriblər. Yeni dünya düzəni üçün vacib olan loqistik imkanlar, karbohidrogen resurslar və təbii sərvətlərin bölüşdürülməsi vəziyyəti bir az da gərginləşdirir. Daha dəqiq, təbii resurs hərisləri olan iri dövlətlər məqsədlərinə nail olmaqdan ötrü millətlər və dövlətləri hər an ayaq altına atmağa hazırdılar. Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində cərəyan edən danışıqlar prosesi fikrimizi bir daha təsdiqləyir.
Məlumat üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində ortaq məxrəcə gəlmək məqsədilə Rusiya prezidenti Putinlə ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Vitkofla baş tutan görüş 5 saat çəkib. Görüşün bu qədər uzun çəkməsinə baxmayaraq heç bir kompromis əldə olunmayıb. Nəticə deməyə əsas verir ki, sülh müqaviləsinin əldə edilməsi təkcə Rusiya ilə ABŞ arasında razılaşma ilə mümkün deyil. Bunun üçün proseslərə təsir gücündə olan Avropa və Çin kimi dövlətlərin maraqları da nəzərə alınmalıdır. Məsələ orasındadır ki, Ukrayna və Avropa Rusiya və ABŞ arasında separat sülh müqaviləsinin razılaşdırılmasına qarşıdır. Üstəlik müharibənin davam etməsi Çinin iqtisadi və geopolitik mövqelərini daha da möhkəmləndirir. Nə qədər ki, Rusiya-Ukrayna müharibəsində maraqlar kəsişir, sülh razılaşmasının əldə edilməsi bir o qədər çətinləşir.
Milli Cəbhə Partiyasının başqanının müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib ki, elə bu səbəbdən ABŞ və Rusiya Avropanı prosesdən uşaq tutmağa çalışır: "ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkof və kürəkəni Kuşnerin Kremldə Vladimir Putinlə görüşü baş tutdu. Bu görüş nəticəsiz olsa da, danışıqların davam etdirilməsi razılaşdırılıb. Görünür, Vladimir Putin yenidən öz təkliflərini Uitkofa təqdim etməklə Donald Trampın mövqeyini gözləyəcək. Kremldə aparılan danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasının danışıqlar predmeti olması istisna deyil. Nəzərə almaq lazımdır ki, ABŞ nümayəndə heyəti Rusiyaya daha yaxın şəxslərdi və Kiyevə deyil, birbaşa Vaşinqtona qayıtdılar. Qeyd edim ki, Vladimir Putin birbaşa ABŞ-la danışıqlara gedərək, Avropa İttifaqını prosesdən çıxarır. Halbuki, Avropasız Ukrayna böhranının həlli yoxdur. Ukrayna ilə bağlı ABŞ və Rusiyanın 28 maddəlik "sülh planı" bunun bariz nümunəsidir. Amma, Avropa İttifaqı bu prosesi pozaraq 19 bəndlik razılaşma mətni hazırladı. Rusiya danışırlara qatılır və sülhə hazır olduğu görüntüsünü nümayiş etdirir. Amma, konkret öz şərtlərindən geri çəkilmir. Hazırda Rusiya heç bir atəşkəsə getmir. Həmçinin Avropa ölkələri və Ukrayna Rusiyanın şərtlərini qəbul etmir. Çünki, Rusiyanın şərtləri güc yolu ilə sərhədlərin dəyişdirilməsidir. Bu, beynəlxalq hüququn pozulması və yeni dünya siyasi nizamında güc tətbiqinin önə çıxmasıdır. Bu da digər regionlarda yeni hərbi toqquşmalara yol aça bilər".
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həll formulu yalnız Qərb Alyansının Ukraynada Rusiya ordusuna güc tətbiq etməklə, Rusiyanı öz şərtlərindən imtinaya məcbur etməkdən keçir: "Qərb Alyansi indiyə kimi verilməyən hücum və öldürücü silahları Ukraynaya verməklə danışıqları öz lehinə dəyişə bilər. Hazırda ABŞ və Rusiya arasında aparılan danışıqlar müsbət nəticə verməyəcək. Hazırki şəraitdə tərəflərin ortaq nöqtəsi atəşkəs razılaşmasına getməkdir. Atəşkəs rejimi ilə bağlı Kremldə fikir ayrılıqları yaranıb. Rusiya xarici işlər naziri Sergey Lavrov Aralıq sazişi imzalanması şərtini irəli sürüb. Rusiya prezidenti Ukraynada kiçik qələbə əldə etməklə taktiki üstünlük əldə etməyə çalışır. Rusiya taktiki üstünlük əldə etdikdən sonra hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Məhz Vladimir Putin Donbası Rusiyaya verməklə Avropaya hücum etməmək barədə yazılı şəkildə müqaviləyə imza atmağa hazır olduğunu qeyd edir. ABŞ prezidenti isə Rusiya resurslarından istifadə və Çinə qarşı birgə çıxış etməklə, Ukrayna ilə bağlı Rusiyaya güzəştə getməyə hazırdır".
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni ilə qədər istefa verəcəyi barədə yayılan iddialar beynəlxalq siyasi gündəmi yenidən hərəkətə gətirib. Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-da keçirilən Cenevrə görüşləri çərçivəsində Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqlarda 19 bəndlik sənəd üzərində müzakirələr aparılıb və prosesə Avropa İttifaqı da qoşulub: "Vaşinqton Zelenskiyə müharibənin dayandırılması və Rusiyanın irəli sürdüyü təkliflərin qəbul edilməsi istiqamətində ciddi təzyiq göstərir. ABŞ administrasiyası Zelenskinin müəyyən güzəştlərə getməsində maraqlıdır. Bununla yanaşı, Aİ prezidentə güclü siyasi dəstək verir və Zelenskinin diplomatik çevikliyi prosesin gedişatına təsir göstərir. Zelenskinin administrasiya rəhbəri Andrey Yermakın vəzifədən uzaqlaşdırılması, korrupsiya ilə mübarizə qurumlarının fəaliyyətinin ABŞ nəzarətində olması Ukrayna liderinin komandasının neytrallaşdırılması cəhdi kimi qiymətləndirilə bilər. Rusiya və ABŞ Zelenskini hakimiyyətdən uzaqlaşdırmağa çalışır və Petrovun iddiasının psixoloji təzyiq xarakteri daşıması mümkündür. Zelenskinin hazırkı siyasi şəraitdə könüllü şəkildə istefa verəcəyi isə real görünmür".
Alim