Gürcüstan hökumətinə Qərbdən təzyiq? Brüsselin görüş təxirə salması müzakirədə- ÖZƏL
15:40 SiyasətBrüssel noyabrın 21-də keçirilməsi planlaşdırılan Aİ-Gürcüstan insan haqları dialoqunu təxirə salıb. Baş nazir İrakli Kobaxidze bunu "mübahisəli məsələlərdən yayınmaq cəhdi" kimi qiymətləndirib. Onun sözlərinə görə, görüşün ləğvinə səbəb kimi Gürcüstan nümayəndə heyətində guya Aİ sanksiyaları altında olan şəxsin olması göstərilib. Kobaxidze bildirib ki, həmin şəxs Aİ deyil, yalnız Estoniya tərəfindən sanksiyalaşdırılıb. Gürcüstan mediası həmin şəxsin Estoniyaya səfəri qadağan olunan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze olduğunu yazır.
Aİ-Gürcüstan münasibətlərində bu cür ləğvlər hansı siyasi mesajı verir və tərəflər arasında artan gərginliyin səbəbləri nələrdir?

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
"Avropa Birliyinin Gürcüstanda insan haqlarının vəziyyəti ilə bağlı rəsmi Tbilisi ilə planlaşdırdığı dialoqdan imtina etməsi, Avropa Birliyindəki qlobalist dairələrin Gürcüstana təzyiqi gücləndirmək istəklərinin bariz göstəricisidir. AB, Kobaxidze hökumətindən Gürcüstan qanunvericiliyinə Qərbin təklif etdiyi əlavə və dəyişikliklərin qəbul edilməsini təklif edir ki, bu dəyişikliklər rəsmi Tbilsi tərəfindən Gürcüstanda ailə institutlarının və ailə dəyərlərinin məhvinə təsir göstərə biləcək maddələr kimi qəbul edilir. Parlament və hökumət çoxluğu təmsil edən siyasi qüvvə olaraq, gürcü cəmiyyətinin Qərbin bu təkliflərinə qarşı olduğunu (məsələn, eyni cinsdən olanların nigah hüququnun tanınması və s.) bəyan edir.
Qərbdə bəlli dairələrlə əməkdaşlıq edən müxalifətin məlum kəsiyi isə rəsmi Tbilisinin bu mövqeyinin Gürcüstanın AB-yə inteqrasiyasına mane olduğunu iddia edərək, onu seçkiləri saxtalaşdırmaqda suçlayır və təkrar parlament və prezident seçkilərinin keçirilməsi tələbləri ilə çıxış edir. Bundan əlavə, müxalifət, AB-dəki məlum institutlarla yanaşı, Gürcü parlamentindən xarici agentura şəbəkəsinin fəaliyyətinin qarşısını almaq məqsədilə qəbul edilmiş qanunun geri götürülməsini tələb edir. Onlara görə, bu qanun Rusiyanın istəyi ilə qəbul edilmiş və Qərbin Gürcüstana müdaxiləsinin məhdudlaşdırılması məqsədi daşımışdır.
Gürcü hökumətinin AB-nin dialoqdan imtina qərarını ölkənin daxili işlər nazirinin müavini ilə bağlı olduğunu iddia etməsi isə sadəcə tərəflər arasındakı münasibətlərdəki problemləri ört-basdır etmək istəyindən irəli gəlir. Zira Rusiya Federasiyasının bir çox yüksək ranqlı məmurları da Qərbin iqtisadi sanksiyaları altındadır, lakin AB, ritənin təhlükəsizlik və enerji məsələləri ətrafında Putinin iqtidarı ilə dialoqdan çəkinmir və qapılarını açıq saxlayır".
Zeynəb Mustafazadə