Sülh planı, yoxsa kapitulyasiya sənədi: ABŞ-ın Donbas icarəsi ideyasının pərdəarxası- ÖZƏL
14:26 Siyasət"ABŞ-ın Ukrayna üzrə təklif etdiyi sülh planı, The Telegraph, Axios, NBC və WSJ-in yazdığı kimi, Kiyev üçün soyuq duş effekti yaratdı. "Pul müqabilində torpaq" formuluna əsaslanan bu konsepsiya, faktiki olaraq, işğal olunmuş ərazilərin icarəyə verilməsi ideyasını təklif edir. Yəni Rusiya Donbas üzərində nəzarətinə görə Ukraynaya "icarə haqqı" ödəyəcək. Səthdə - guya kompromis. Amma mahiyyətcə bu, Ukraynanın siyasi məğlubiyyətinin maliyyə sənədi deməkdir." Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib:"
"The Telegraph mənbələrinin məlumatına görə, Ukrayna Donbasdan imtina etməlidir, amma bunu formal şəkildə "öz ərazisi" kimi saxlaya bilər. Bu, klassik formal suverenlik nümunəsidir - dövlət kağız üzərində sahiblənir, reallıqda isə idarəetmə səlahiyyətini itirir. Belə model yalnız Ukraynanın bölünməsini leqallaşdırmır, həm də beynəlxalq hüququ maliyyə sövdələşməsinə çevirir.
Planın daha təhlükəli tərəfi ondadır ki, Ukrayna rus dilini dövlət dili kimi tanımalı, ordusunu iki dəfə azaltmalı, uzaqmənzilli raketlərdən və xarici qoşunların yerləşdirilməsindən imtina etməlidir. Bu halda Ukrayna artıq müstəqil ölkə deyil, Rusiya ilə NATO arasında demilitarizasiya olunmuş bufer zona olur. Bu, 1955-ci il Avstriya modelinə bənzəyir, sadəcə, zəmanətsiz və təhlükəli qonşuluqda.
Ağ Ev, görünür, "Enerqoatom" şirkətindəki korrupsiya qalmaqalından sonra Vladimir Zelenskiyə təzyiq göstərib. Bu, təsadüf deyil. ABŞ açıq şəkildə göstərir ki, Kiyevdəki xaosdan bezib və indi "Ukrayna məsələsini" Avropada sabitliklə dəyişməyə hazırdır. Əgər əvvəllər Vaşinqton ideoloji - "demokratiya uğrunda mübarizə" şüarları ilə hərəkət edirdisə, indi sırf maliyyə düşüncəsi ilə hərəkət edir: müştərinin ödəmə qabiliyyəti tükənib.
ABŞ prezidenti Donald Tramp 28 bənddən ibarət planı təsdiqləyib. Rusiya prezidenti yanında beynəlxalq iqtisadi əməkdaşlıq üzrə nümayəndə Kirill Dmitriyev və Trampın xüsusi elçisi Stiven Uitkoff planın hazırlanmasında iştirak ediblər. Dmitriyevin bu prosesdə iştirakı təsadüfi deyil - o, Qərb sanksiyalarının sərt vaxtında Rusiyanın iqtisadi əlaqələrini saxlayan fiqur idi.
Tramp siyasəti diplomatiyadan çox biznes kimi aparır. Onun üçün bu, "müqavilə" deyil, "sövdələşmədir". Moskva əldə etdiklərini rəsmiləşdirir, amma irəliləməmək öhdəliyi götürür. Kiyev simasını qoruyur, Qərbdən yardım və "təhlükəsizlik zəmanətləri" alır. ABŞ isə dünyaya sübut edir ki, NATO-suz, tanklarsız və raketlərsiz müharibəni dayandırmaq olar.
Avropa üçün bu plan diktə olunmuş sülh formulu kimi görünür. Financial Times yazır ki, Ukrayna onu "qəbuledilməz" sayıb. Bu, təbii reaksiya. Amma Brüsseldə də anlayırlar: əgər Vaşinqton qərar veribsə, artıq heç kim - nə Berlin, nə Varşava, nə də Paris - soruşulmayacaq.
Diqqətçəkicidir ki, yeni planın hazırlanmasında Qətər və Türkiyə də iştirak edir. Bu, yeni diplomatik reallığın göstəricisidir. Avropa özünü sanksiyalar bataqlığında boğarkən, Ankara və Doha beynəlxalq vasitəçilər səviyyəsinə qalxır.
Axios və WSJ mənbələri etiraf edir ki, Kiyev planın hazırlanmasında iştirak etməyib. Ukraynalılara yalnız "ümumi çərçivə" təqdim olunub, amma sənədin mətni göstərilməyib. Bu, diplomatik zərbədir. ABŞ artıq Ukraynanı tərəfdaş deyil, idarə olunan obyekt kimi görür. Donbasın "icarəyə verilməsi" ideyası isə bu yeni asılılığın rəmzidir.
Ağ Ev Ukrayna üçün Qəzzə modelini tətbiq edir: əvvəlcə geniş plan tərtib olunur, sonra tərəflər "razılaşmağa" məcbur edilir. Bu, emosiyasız, mənəviyyatsız, sırf soyuq hesablamaya əsaslanan praqmatizmdir.
Vaşinqton anlayır ki, müharibə uzanır, Avropa yorulub, Rusiya isə geri çəkilmək niyyətində deyil. Odur ki, yeni sülh formulu ideallara deyil, real maraqlara əsaslanır: qalib gələ bilmirsənsə, məğlubiyyəti sənəd halına sal.
Trampın planı sülh sənədi deyil. Bu, nüfuz balansının yeni arxitekturasıdır. Ukrayna test meydanına çevrilir. Moskva faktiki tanınma əldə edir, Vaşinqton "sülh yaradıcısı" obrazı qazanır, Avropa isə növbəti humanitar öhdəliklərini.
Əsas sual artıq planın imzalanıb-imzalanmamasında deyil. Əsas məsələ budur: Ukrayna hələ də öz taleyini müəyyən etməyə qadirdirmi, yoxsa onun gələcəyi artıq Vaşinqtonla Moskvanın masalarında yazılıb.
Bir şey aydındır - Vaşinqton "azadlıq uğrunda mübarizə" teatrını bağlayıb. İndi illüziyası olmayan praqmatizmin dövrü başlanır."
İbrahim Məmmədli