Azərbaycan Qəzzaya sülhməramlılar göndərə bilər
10:22 SiyasətBakıdan reaksiya: "BMT-nin qərarı olarsa..."
Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra Qəzza sülh planını təqdim edib. Sənəddə HƏMAS-ın tamamilə tərk-silah edilməsi, bütün girovların 72 saat ərzində azad edilməsi və bunun müqabilində minlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi, Qəzzanın idarəçiliyinin texnokratik "Fələstin Komitəsi"nə verilməsi və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi tələb olunur.
"Ynet Global"ın məlumatına görə, İsrail hökumətinin yüksək vəzifəli rəsmiləri bu planın "çox sual doğurduğunu" düşünürlər. Buna baxmayaraq, İsrail və ABŞ HƏMAS-ın rəsmi cavabını gözləyir. İmtina ediləcəyi təqdirdə Vaşinqton Qəzzada əməliyyatları davam etdirmək üçün İsrailə hərbi dəstəyi artırmaq niyyətindədir.
Rəsmilərin sözlərinə görə, sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı suallar var. İsrail nəşri bildirir ki, Tramp özünün sədrliyi ilə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin də daxil olduğu "Sülh Şurası" yaradıldığını elan edib. Plan çoxmillətli sülhməramlı qüvvələrin yaradılmasını tələb edir ki, bu qüvvələrin tərkibinə BƏƏ, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan bölmələr daxil ola bilər, baxmayaraq ki, hələlik bunun rəsmi təsdiqi yoxdur. (mənbə: Haqqın.az)
Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (1 zabit, 1 gizir və 32 əsgər) NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb.
BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan Ordusunun Sülhməramlı bölüyü 15 avqust 2003-cü il tarixindən 7 dekabr 2008-ci il tarixinədək 152 nəfərlik şəxsi heyətlə (16 zabit, 16 gizir, 120 əsgər) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində xidmət edib. Missiya dövründə İraqın Əl-Hədisə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadası Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirən bölük, Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 7 dekabr 2008-ci il tarixində missiyasını yekunlaşdıraraq geri qayıdıb.
20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib.
2015-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən sülhməramlı fəaliyyətə başlayıb. Missiyanın sona çatması ilə əlaqədar, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb.
Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.
Qəzzada sülhməramlı qüvvələr yerləşdirilərsə, Azərbaycanın da orada iştirakı mümkündürmü? Ümumiyyətlə, beynəlxalq sülhməramlı kontingentin tərkibində təmsil olunmağın ordumuz, dövlətimiz üçün gətirdiyi üstünlüklər varmı?
Rövşən Məhərrəmov
Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat"a bildirdi ki, sülhməramlı missiya yerinə yetirmək üçün artıq Azərbaycanın kifayət qədər təcrübəsi var: "Bildiyiniz kimi, Azərbaycan sülhməramlı qüvvələri həm Avropada, həm Əfqanıstanda sülhməramlı missiya həyata keçirib. Bu missiya çox vacib və məsuliyyətli missiyadır. Əgər Birləşmiş Millətlər Təşkilatının Qəzzada beynəlxalq sülhməramlı kontingent yerləşdirmək qərarı olarsa, Azərbaycan sülhməramlıları da həmin kontingentin tərkibində missiyanı yerinə yetirə bilərlər. Amma yalnız ABŞ-nin belə bir qərarının olması başqa vəziyyət yaradır. Bu halda Azərbaycanın sülhməramlı qüvvələrini göndərməsi gözlənilmir və Azərbaycan bunu etməz. Beynəlxalq sülhməramlı kontingentin istənilən bir münaqişə zonasına yerləşdirilməsi BMT-nin qərarı ilə olmalıdır, hansısa bir dövlətin qərarı ilə yox. Sülhməramlı qüvvələr məsələsində Azərbaycanın da adının hallanması təsadüfi deyil. Çünki Azərbaycanın həm uzunmüddətli təcrübəsi var, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin gücü, hazırlığı yüksək səviyyədədir. Bu və digər amillər nəzərə alınır. Xüsusilə 44 günlük müharibədə bütün Azərbaycan Ordusunun gücünü, peşəkarlığını gördü. Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda, Avropada öz missiyasını çox məharətlə yerinə yetirməsi faktı da Azərbaycanın adını beynəlxalq sülhməramlı qüvvələr məsələsində yada salır. Əgər ABŞ Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifini irəli sürürsə və Azərbaycan sülhməramlılarının orada xidmət aparması təklifin içində yer alırsa, bu həm də onu göstərir ki, Azərbaycanı neytral mövqedə olan ölkə kimi də qəbul edirlər. Bu, Azərbaycanın imici və beynəlxalq nüfuzunun artması üçün çox müsbətdir".
Bununla belə, ekspert dedi ki, Qəzza kimi bir bölgədə sülhməramlı missiya həyata keçirmək risklər, təhlükələr də yarada bilər: "Bu bölgə çox mürəkkəb bir münaqişənin hökm sürdüyü bölgədir. Belə bir bölgədə sülhməramlı qüvvələrə də təhlükə, hətta onların da sıralarından itkilərin olması kimi halların meydana gəlməsi mümkündür. Azərbaycanın ancaq və ancaq BMT qərarı olarsa, Qəzzaya sülhməramlı qüvvələrini göndərməsi məqsədəuyğundur. Bu iş çox böyük məsuliyyətli işdir".