ABŞ-Gürcüstan münasibətlərində gərginlik: radikalizm ittihamları münasibətləri necə təsir edəcək? - ÖZƏL
15:53 SiyasətGürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaradzenin "İmedi" telekanalına verdiyi müsahibəyə görə, ABŞ-ın Tailanddakı Səfirliyi Gürcüstanda radikalizmi və inqilabi fəaliyyətləri maliyyələşdirir. O bildirib ki, ABŞ vergi ödəyicilərinin pulları guya "anti-Çin" məqsədləri üçün ayrılsa da, əslində əsasən Gürcüstan hökumətinə qarşı yönəlmiş radikalizmə, inqilab hazırlıqlarına və aksiyalara sərf olunur.
Bu kimi yüksək səviyyəli ittihamlar ABŞ və Gürcüstan arasındakı diplomatik münasibətlərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin verdiyi müsahibə çox ciddi məqamlar üzərində dayanır. Adətən dünyada ayrı-ayrı ölkələrə qarşı fəaliyyətin təşkil olunması üçün üçüncü ölkələrdən istifadə olunur. Burada müxtəlif insanlar cəlb olunur. Bu məqsədlərlə maliyyə və resurslar xərclənir və əgər xidmət orqanı rəhbərinin əlində kifayət qədər tutarlı faktlar varsa, bu, həm də ABŞ-nin Gürcüstanın daxili işlərinə qarışması anlamına gəlir. Maraqlıdır ki, Gürcüstanla çox-çox uzaqda, Tailandda belə fəaliyyətlər formalaşdırılır. Əgər bu faktlar həqiqəti əks etdirirsə, ABŞ- Gürcüstan münasibətlərinin çox gərgin olduğunu göstərir. ABŞ Gürcüstanın daxilində hüquqi zəifliklərdən istifadə edərək müxtəlif yollarla nüfuz etməyə, təsir göstərməyə və imkanlarını məhdudlaşdırmağa çalışırlar. Məlumdur ki, hazırkı hökumət Rusiya meyilli siyasət yürüdür və Rusiyanın Gürcüstan hakimiyyətinə təsiri göz qabağındadır. Belə vəziyyətdə Gürcüstanda hakimiyyət dəyişikləri etmək və xalqın narazılığını artırmaq niyyətləri də mövcuddur. Eyni zamanda müasir münasibətlər sistemində bu cür təhdidləri və təhlükələri ciddi nəzərə almaq və milli təhlükəsizlik sistemini gücləndirmək önəmlidir".
Zeynəb Mustafazadə