Moskva "Tramp yolu"nu şərtlə qiymətləndirir – Dəhlizin taleyi kimin əlindədir? – ÖZƏL

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli KİV-ə müsahibəsində Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinin Rusiyanın əsas prioriteti olduğunu bildirib və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiklərini vurğulayıb.
Kopırkin qeyd edib ki, Rusiya "Tramp yolu" və ya Zəngəzur dəhlizi layihəsini, tranzit rejimi və təhlükəsizlik detalları razılaşdırıldıqdan sonra qiymətləndirəcək. Nəqliyyat əlaqələrinin bərpası Ermənistanın Aİİ üzvlüyü və Rusiya sərhədçilərinin iştirakı nəzərə alınmaqla icra olunacaq.
Səfir Rusiyanın 2044-cü ilədək Ermənistandakı hərbi bazasını saxlamaqda israrlı olduğunu və ölkəsinin Cənubi Qafqazdan çıxarılmasının qeyri-mümkün olduğunu bəyan edib.

"Rusiyanın əsas niyyəti təbii ki, canlı qüvvə olaraq qalmaqdır. Bununla bağlı da müəyyən təşəbbüslər həyata keçirilir. Bu, haradasa başa düşüləndir, amma Rusiya bu siyasəti düzgün şəkildə həyata keçirmir. Məsələn, Rusiyanın əsas məqsədi imperial mövqeyini qoruyub saxlamaq və dövlətlərin daxili işlərinə qarışmaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, hazırda Ermənistan seçkilərə hazırlaşır. Bilirsiniz ki, yaxın vaxtlarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Rusiya isə çox kobud şəkildə seçkilərə müdaxilə edir. Müxtəlif şəxsləri maliyyələşdirir, müxtəlif görüşlər təşkil edir, yəni Nikol Paşinyanı seçkidə zəiflətmək üçün hər şeyi edir. Bu isə birbaşa Ermənistanın daxili işlərinə qarışmaq deməkdir. Halbuki nəzərə alınmır ki, erməni xalqı arasında hazırda digər siyasi qüvvələrlə müqayisədə Paşinyanın reytinqi kifayət qədər yüksəkdir.

Siyasi şərhçi qeyd edib ki, əsas məsələ Rusiyanın tutduğu mövqedir. Bəli, Rusiya sabitlik istəyə bilər, amma bu sabitliyi düzgün şəkildə formalaşdırmaq niyyətində deyil. O, yalnız özünün təminatı altında, özünün hökmranlığı əsasında bir sabitlik arzulayır. Bu isə digər dövlətlərin, nə Azərbaycanın, nə də Ermənistanın mənafelərinə uyğun gəlmir.

"Qaldı ki, "Zəngəzur dəhlizi" məsələsinə - Rusiya buna razılıq versin, ya verməsin, bunun heç bir əhəmiyyəti yoxdur. Bu yol barədə artıq razılıq əldə olunub və proses həyata keçiriləcək. Əlbəttə, Rusiya şirkətləri şərtlərə uyğun olaraq investisiya yatırmaq istəsələr, bu mümkündür. Amma heç bir halda Rusiyanın müdaxiləsi və ya icazəsi həlledici deyil - bu yol layihəsi mütləq reallaşacaq", - deyə ekspert bildirib.

Z. Əmrəliyev əlavə edib ki, burada əsas məsələ Azərbaycanın mövqeyidir. Azərbaycanın bu məsələyə baxışı və mövqeyi önəmlidir. Eyni zamanda, hər iki tərəfin - Azərbaycan və Ermənistanın - Qərb vasitəçilərinin iştirakı ilə əldə etdiyi razılıq əsasdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31