Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir - Əhməd İsmayılov
10:24 SiyasətAzərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir.
Olaylar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
O bildirib ki, bu gün həmin tarixi bağlar dövlət başçılarımız - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır:
"İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar açır. Son onillikdə qlobal informasiya məkanında baş verən proseslər medianın mahiyyətini tamamilə dəyişmişdir. İnformasiyanın istehlak forması sürətlə rəqəmsallaşır, sosial şəbəkələr və onlayn platformalar informasiya mübadiləsinin əsas kanallarına çevrilir. Rəqəmsal transformasiya medianın operativliyini artırmaqla yanaşı, həm də onun qarşısına yeni məsuliyyətlər qoyur. Burada əsas məsələ informasiya bolluğunda dəqiq, obyektiv və etibarlı xəbərin təmin edilməsidir".
Onun sözlərinə görə, Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata keçirilir.
"Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə, peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya axınında qorunması.
Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri, ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir" - deyə o vurğulayıb.