AMEA rəhbəri 27 sentyabrı "Qəhrəmanlıq səhifəsi" adlandırdı: "Ədalət bərqərar oldu"

Olaylar.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə verdiyi açıqlamada 27 Sentyabr tarixinin milli əhəmiyyətini vurğulayıb. O, bu günün "Azərbaycan milli tarixinin qəhrəmanlıq səhifəsi, ədalətin bərqərar olması, birliyin nümayiş edilməsinin dünyaya təcəssümü" olduğunu bildirib.

AMEA prezidenti bu tarixi həm də Azərbaycan xalqının qürur günü, dövlətin və müstəqilliyin milli iftixar bayramı adlandırıb. O, Azərbaycanın bütün dünyaya ədalətli mübarizə aparmağın nümunəsini göstərdiyini qeyd edib.

İsa Həbibbəyli bildirib ki, məhz 27 Sentyabr 44 günlük qəhrəmanlıq savaşımızın start nöqtəsi, Azərbaycanın torpaqlarını işğaldan azad etməyinin başlanğıc nöqtəsidir.
Akademik, Prezident İlham Əliyevin 2020-ci ildə verdiyi bəyanatın xalqın birliyinin, həmrəyliyinin, qəhrəmanlıq ruhunun və mübarizə əzminin parolu olduğunu xüsusi vurğulayıb. Bu birliyin xalqımızı Şuşa zirvəsinə, qalibiyyət zirvəsinə yüksəltdiyini qeyd edən Həbibbəyli, xalqımızın milli tarixində ən böyük qələbəni qazandığını deyib.

AMEA rəhbərinin sözlərinə görə, 44 günlük müharibə dünya tarixində ən qısa vaxtda zəfərlə başa çatan ədalətli savaş oldu. O, bu müharibənin Ali Baş Komandan ətrafında "dəmir yumruq" çərçivəsində xalqın birliyinin bütün dünyaya təcəssümü olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31