Ermənilərin "yumşaq güc" oyunları və Azərbaycanın haqlı mövqeyi - ÖZƏL

II Qaregin Yəhudi-Xristian Alyansı ilə görüşdə Ermənistan və "Artsax erməniləri" mövzusunda narahatlıq ifadə edib, din xadimləri isə hərbi caniləri müdafiə etməklə özlərini məzlum kimi təqdim edirlər.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib: 
" Məsələ burasındadır ki, birincisi, rəsmi Ermənistanın strukturları, siyasi rəhbərliyi ilə Azərbaycanda məhkəmə qarşısında  ifadə verənlər arasında çox böyük fikir ayrılıqları olub, uçurum olub və nəhayət onlar bir düşərgənin təmsilçiləri kimi danışırlar. Yəni, burada belə bir məqam özünü göstərir. Düzdür, Ermənistanın siyasi rəhbərliyi ilə bəzi hallarda  Bakıda ifadə verənlərlə bağlı, bir çox cinayətlərdə iştirak etmiş şəxslərlə bağlı belə fikirlər ifadə edirlər ki,onlar günahsızdır və s. Amma əslində erməni tərəfi - Ermənistanda və xaricdə onların dəstəkçiləri, dünya erməniləri çalışırlar ki, bu prosesdə yumşaq gücdən istifadə etsinlər. Vaxtı ilə əgər onların həqiqətən də Azərbaycanda yaşayan ermənilərin problemlərini görürdülərsə, doğrudan da elə hesab edirdilər ki, onlar əzilmiş, küncə sıxılmış, məzlumdurlar və Azərbaycanlılar onları incidirlər və s. Onlar yumşaq gücdən istifadə etmədilər. Niyə, humanitar müstəvidə çıxış etmədilər? İlk gündən bu problemləri siyasiləşdirdilər, bunun ucbatından silahlanmağa, Azərbaycana təzyiq göstərməyə başladılar və nəhayət günlərin bir günü müharibə ilə Azərbaycanın üzərinə hücum çəkdilər. Niyə yumşaq gücdən istifadə etmədilər? İndi özlərini dünyada insanpərvər, sülhpərvər kimi qələmə verməyə çalışırlar ki, guya onların ürəyi sülhə və bərabərliyə yanır. Amma əslində Qarabağda törədilmiş cinayətləri, insanlığa qarşı əməl sayılan halları belə təqdim etmək nə dərəcə düzgündür? . Əlbəttə ki, düzgün deyil. Çünki onlar birinci növbədə Azərbaycanın qanunlarını pozublar, Konstitusiyamıza zərbə vurublar, Azərbaycan xalqının ləyaqətinə toxunublar, onun hüquqlarını pozublar, vətəndaşlarımıza ağır zülmlər yaşadıblar. Və sonda torpaqlarımızın böyük hissəsini yerlə-yeksan ediblər. Bunlar hamısı cinayət deyil? Təbii ki, əsas məsələ ondan ibarətdir ki, bunlar ictimai rəyin öz tərəflərində olmasını istəyirlər. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, biz bütün prosesləri beynəlxalq hüquq və qanunvericilik normaları ilə tənzimləyirik. Yəni, bizə heç bir kəs irad tuta bilməz. Biz bu prosesdən gizli bazar yaratmırıq - hər şey şəffafdır, hər şey açıq-aşkar keçirilir. Biz bütün mətbuat imkanlarımızla informasiya dəstəyi  veririk ki, öz cəmiyyətimiz ilk növbədə bu məsələlərlə bağlı məlumatlı olsun. Digər tərəfdən də xaricdə yaşayan insanlar da lazım olan məqamları, motivləri, məlumatları əldə edə bilsinlər ki, nə baş verdiyini bilsinlər. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, Azərbaycanlıları əsir və girov götürən, onlara dəhşətli işgəncələr verənlər var. Bunlar hələ də Bakıda bir qrup, bir yığın erməni kimi çıxış edirlər, onlar ipə-sapa yatmırdılar. Biz isə 44 günlük müharibədə möhtəşəm qələbə əldə etdik. 
Artıq minalardan təmizlənmiş ərazilərimizdə minaların partlaması nəticəsində həm polis əməkdaşlarımızın, həm də dinc vətəndaşlarımızın həlak olmasından sonra Dövlət Başçısı İlham Əliyev antiterror tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verdi. 
Bunu yada salmaq kifayətdir ki, görəsən söhbət kimlərdən gedir və ermənilərin din xadimləri, bəzi qrupları ilə əl-ələ verib kimlər üçün ağlaşma qururlar, kimlər üçün mərsiyə oxuyurlar. Təbii ki, onların bu emosional gedişləri vəziyyətə heç bir təsir göstərə bilməz. Çünki, yenə deyirəm, Azərbaycanın qanunvericiliyi var və bizim qanunvericiliyimiz beynəlxalq konvensiyalarla, hüquq normaları ilə uzlaşır , onların hamısının tələblərini biz nəzərə almışıq. Bizim kifayət qədər güclü hüquqi bazamız var ki, bütün prosesləri lazımı qaydada, heç kəsin hüququnu pozmadan həyata keçirək. İndi baxmayaraq ki, onlar orada spekulyasiyalara varırlar - biri deyir ki, bizi birbaşa onlayn xətt üzərindən Paşinyanla əlaqələndirin,  bəziləri deyir ki, xaricdən vəkillər göndərilsin, bəziləri deyir ki, Ermənistan rəhbərliyi bura gəlsin, Minsk qrupunun həmsədrlərini çağırın və s. Bunların hamısı boş söhbətdir və məqsədi yalnız diqqət cəlb etməkdir. Diqqəti cəlb edin, amma bunun üçün siz etdiyiniz əməllərin məsuliyyətini boynunuza almalısınız.  Digər tərəfdən, sizə qarşı ifadə verənlər hamısı zərər çəkən, sakit, siyasətdən uzaq vətəndaşlardır. Siz onlara öldürücü zülm yaşatmısınız. Günahsız olduğunuzu iddia edirsiniz- amma hamınız həmin işlərdə iştirak etmisiniz və məsuliyyətə cavab verməlisiniz.
Odur ki, mən elə başa düşürəm ki, bu prosesə yumşaq gücün heç bir aidiyyəti yoxdur. Əgər cinayətlərdə onların iştirakı olubsa və qeyd alınıbsa, onlar qanun qarşısında cavab verməlidirlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31