Həşim Səhrablı: Azərbaycanda bütün millətlər bərabərdir, heç kimə xüsusi status verilmir- ÖZƏL

Şahmat üzrə sabiq dünya çempionu, əslən bakılı Harri Kasparov Qarabağla bağlı açıqlamasında bildirib ki, artıq bölgədə qan axmamasını alqışlayır, lakin bunun onun üçün emosional olaraq ağır olduğunu qeyd edib. O deyib ki, "ermənilərə güzəşt olunacaqmı, az da olsa muxtariyyət veriləcəkmi" sualı hələ də açıq qalır, çünki bütövlükdə artıq Qarabağ mövcud deyil və ermənilərə aid torpaq qalmayıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
"Biz Qarabağda artıq hər hansı muxtariyyətdən və yaxud da başqa bir formatda status quodan danışa bilmərik. Ümumiyyətlə, Qarabağda yaşayan, sovet dövründən orada məskunlaşanlar ,  yəni sonradan, işğaldan sonra köçürülənlər deyil, öncədən məskunlaşanlar və həqiqətən də onlara biz Qarabağ erməniləri deyə biləcəyimiz şəxslər var ki, heç onlar özləri də 2020-ci ildən sonra bölgədə qalmaq istəmədilər. Yəni bu adamlar hər nə qədər 100 il orada yaşasalar da, özləri də fərqindədirlər ki, 100-200 il əvvəl onların Qarabağa köçürülməsi heç də Azərbaycan xalqının iradəsi ilə olmayıb. Qarabağda bu yersiz məskunlaşdırma həmişə anti-Azərbaycan, anti-Türk siyasi addımlarının nəticəsi olub və bu reallığın fərqində idilər ki, onsuz da yerli Qarabağ erməniləri də qalmaq istəmədilər və könüllü şəkildə bölgəni tərk etdilər. Belə bir reallıqda biz, Azərbaycan tərəfi olaraq, hansı güzəştdən danışa bilərik? Və ya niyə torpağın əsl sahibkarı biz ikən onlara heç nədən bir muxtariyyət və yaxud da legitimlik qazandıracaq başqa bir nəsə verməliyik? Azərbaycan unitar dövlətdir, Qarabağ onun bir parçasıdır və Azərbaycan çoxmillətli dövlətdir. Qayıdıb gəlmək istəyənlərə Azərbaycan tərəfi həmişə deyib ki, Azərbaycan vətəndaşlığını qəbul edib bizim qaydalarımıza riayət edəcəkləri təqdirdə, dövlət də onlara vətəndaş kimi davranacaq. Bax, indi mövcud reallıq bundan ibarətdir və artıq hansısa status, hansısa muxtar vilayət bunlar cəfəngiyyatdan, boş açıqlamalardan başqa bir şey deyil. Yeni reallıq bəllidir: Azərbaycan heç kimi qovmur, heç kimə də irqi, dini ayrı-seçkilik etmir. Əgər Qarabağda həqiqətən yaşamaq istəsələr oranın işğaldan öncəki sakinləri o zaman gəlib yaşaya bilərlər. Kasparovun dedikləri isə həm reallığın dərkidir,  həm də yenə də ermənilərə hansısa formada güzəştin alınmasının təcəssümüdür. Yəni Kasparov yenə də bir erməni kimi istəyir ki, orada hansısa erməni məsələsi aktual qalsın, ermənilərə xüsusi imtiyazlar verilsin.
Xeyr, elə şey yoxdur. Azərbaycanda bütün millətlər bərabərdir, bütün dinlər də bərabər hörmət görürlər. Azərbaycan hər hansı dinə mənsub ölkə deyil, yəni nə şəriət, nə xristian qanunları ilə, nə də yəhudi qanunları ilə idarə edilmir. Biz sekulyar bir ölkədə yaşayırıq, unitar bir ölkədə yaşayırıq. Gərək ki, bütün vətəndaşlar da dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bunun fərqinə varsınlar və Azərbaycan sərhədləri daxilində də bu fərqindəlik çərçivəsində yaşasınlar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31