"Hərbi canilərin müdafiəsi" sülhə təhdid: Kilsə İrəvanı gərginlikdə saxlayır – ÖZƏL

Sentyabrın 23-də II Qaregin Yəhudi-Xristian Alyansının rəhbərliyi ilə görüşərək Ermənistanın problemləri, regional təhlükəsizlik və Bakıda saxlanılan şəxslərlə bağlı narahatlığını ifadə edib. Alyans rəhbərliyi "Artsax ermənilərinin hüquqları" və mədəni irs məsələlərində dəstəklərini bildirib. Qeyd olunur ki, erməni din xadimləri özlərini məzlum kimi təqdim edərək hərbi canilərin müdafiəsini davam etdirirlər.

Mövzu ilə bağlı Olaylar.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov bildirib ki, bu məsələ Ermənistan daxilində ciddi fikir ayrılıqları yaradıb: "Yəni, Ermənistandakı mövcud hökumət Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün müəyyən cəhdlər göstərir. Paşinyanın administrasiyasında bu cəhdlər hiss olunur. Verilən mesajlar və açıqlamalar da bunu təsdiqləyir. Lakin bir tərəfdən, xüsusilə Paşinyana qarşı olan güclər bu məsələyə fərqli yanaşırlar və mövqelərini açıq şəkildə ifadə edirlər".

Siyasi şərhçi qeyd edib ki, eyni zamanda, Azərbaycanda saxlanılan hərbi cinayətkarları sanki məzlum kimi göstərməyə çalışaraq dünyanın diqqətini həm Ermənistan daxilindəki vəziyyətə, həm də bura yönəldirlər, həmçinin Azərbaycan və Ermənistanın sülh gündəliyinə maksimum müdaxilə etməyə çalışırlar. Əslində, bu məsələdə qarşıdurmanın yaranmasına əngəl olmalı və Ermənistan hökuməti bu məsələni həll etməlidir.

"Kilsənin (qarşı tərəfin) bu məsələyə qarşı çıxması da xarici güclərin diqqətini cəlb edir. Ermənistanda sabitliyi pozmaq istəyənlər var və onlar məsələyə daha aqressiv yanaşaraq, vəziyyəti daha açıq şəkildə göstərməyə çalışırlar. Bu da Ermənistanda xaotik durumun mövcudluğu barədə fikir formalaşdırmağa xidmət edir", - deyə ekspert sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31