Dövlətə Adnan xəyanəti
14:32 SiyasətMəsələdə xarici ölkənin kəşfiyyat orqanının təsiri altına düşən mütəşəkkil cinayətkar dəstənin izi görünür
Bu günlərdə daha bir qalmaqallı həbsin şahidi olduq. SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadə həbs edildi. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Belə ki, Adnan Əhmədzadə Azərbaycanın "Azeri Light" markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılır. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə kimi ittihamlar səsləndirilir. SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsi sıradan bir hadisə deyil. Adnan Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, "SOCAR-Trading"ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. Məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq "Azeri Light" markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Eyni zamanda Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. İttihama əsasən, Əhmədzadə qanunsuz fəaliyyəti ilə dövlətin maliyyə maraqlarına və iqtisadi sabitliyə zərbə vurub.
Yeri gəlmişkən xatırladaq ki, uzun illər dövlət neft sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadə haqqında mütəmadi olaraq mətbuatda ən ilginc məlumatlar gedib. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun adı keçir. Təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada da bu mövzuda böyük məqalələr nəşr olunub. Mətbuat və sosial media onun adını bir sıra qaranlıq işlərdə hallandırır. Adnan Əhmədzadənin 10 milyon manatlıq avtomobil kolleksiyasının olduğu, xaricdə bahalı "partilər" təşkil etdiyi iddia olunur. O, 2023-cü ildən "ABDA Invest Holding"in təsisçisi və İdarə Heyətinin sədridir. Holdinq inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir. Bura "Bolmart", "Rahat Market", "Port Baku Bazar" market şəbəkələrinin də daxil odluğu bildirilir. O, dünya şöhrətli argentinalı futbolçu Lionel Messinin Azərbaycana səfərini təşkil etməsilə məşhurlaşmışdı. Bundan əlavə, Əhmədzadə Ronaldinyo və "Barselona" klubunun prezidenti Xuan Laportanın Bakı səfərlərini də təşkil edib. Həmçinin, Bakıda keçirilən "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub.
İndi cəmiyyəti Adnan Əhmədzadənin eyş-işrətli həyat tərzi yox, törətdiyi cinayət əməlinin motivi daha çox maraqlandırır. Çünki baş verən cinayət birbaşa dövlətin iqtisadi təhlükəsizliyi və beynəlxalq imicinə zərər gətirir. Məlum olduğu kimi müasir dünya iqtisadiyyatında müşahidə edilən inkişaf və eləcə də dezinkişaf trendləri birmənalı şəkildə konkret milli iqtisadiyyatların inkişaf strategiyalarında əsas istinad amilləri kimi qiymətləndirilir. Azərbaycan Respublikasıda dünya iqtisadiyyatının tam hüquqlu üzvü kimi sistemin oyun qaydaları çərçivəsində milli maraqları təmin etmək üçün müxtəlif strategiyalar reallaşdırmaqla qısa və eləcə də uzunmüddətli dividendlər əldə etməyə çalışır. Belə bir şəraitdə ən çirkin üsullarla dövlətin iqtisadi təhlükəsizliyinə zərbə vurmaq dövlətə xəyanətdən başqa bir şey deyil.
Daha bir sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Ekspertlərin qənaətinə görə, xaricə kəmərlər vasitəsi ilə ötürülən Azərbaycan neftinə xlorid maddəsinin qarışdırılması çox ciddi bir cinayətdir və böyük risk tələb edir. Bu cinayətin SOCAR-da yüksək vəzifə tutmuş, Azərbaycan neftinin xaricdə satışını təşkil edən şəxs tərəfindən törədilməsi isə daha ciddi detalları üzə çıxarır. Belə məlum olur ki, törədilən hadisə təkcə korrupsiya halı deyil, həm də ölkənin iqtisadi sisteminə zərbə vurmaqdır. Başqa sözlə, Azərbaycan dövləti üçün ən strateji bir məhsula - neftə xlorid qatılması kimi bir cinayətdə xarici kəşfiyyat orqanı ilə əlbir olmaq dövlətə xəyanətdən başqa bir şey deyil. Çünki, törədilən əməl ölkənin strateji əhəmiyyətli bir məhsulunun sıradan çıxarılmasına, etibarlı tərəfdaş kimi imicinin zədələnməsinə və nəticə etibarı ilə Azərbaycanın əsas gəlirlərini hədəf alan bir addımdır. Belə bir əməlin isə təkcə Adnan Əhmədzadə tərəfindən deyil, mütəşəkkil cinayət dəstə tərəfindən törədildiyi şübhə doğurmur. Sözügedən cinayətkar dəstənin arxasında isə xarici ölkənin kəşfiyyat orqanının dayanması Azərbaycan dövlətinin siyasi imici barədə düşünməyə əsas verir.
Müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlər üçün milli təhlükəsizlik sistemlərində əsas istiqamət kimi məhz iqtisadi təhlükəsizliyin təminatı məsələlərinin daha qabarıq şəkildə önə çıxdığını görə bilərik. Respublikamızın mövcud geosiyasi və geoiqtisadi situasiyası milli təhlükəsizliyin bütün istiqamətlərinin koordinasiyalı şəkildə təmin edilməsi zərurətini ortaya çıxarır. Heç şübhəsiz ki, iqtintaq orqanları dövlətin iqtisadi təhlükəsizliyinə təhdidlərin aşkar olunaraq aradan qaldırılması istiqamətində bütün lazımi addımları atacaq. Yalnız bu halda Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinə qarşı olan təhdidlər, ölkənin iqtisadi maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait aradan qalxmış olar. Adnan Əhmədzadənin həbsi deməyə əsas verir ki, Azərbaycan beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir.
Alim Hüseynli