Bred Şermanın Azərbaycana qarşı təklifləri nəticəsiz qaldı - ÖZƏL

ABŞ Konqresinin üzvü Bred Şermanın təqdim etdiyi düzəlişdə bildirilir ki, Türkiyə Ermənistana blokadanı aradan qaldırmayana və Azərbaycanda saxlanılan erməni əsilli şəxslər azad olunmayana qədər bu iki ölkəyə maliyyə dəstəyi göstərilməməlidir. 
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: " Bred Şerman ABŞ Demokratlar Partiyasından Kaliforniyanı təmsil edən konqresmendir. O, Amerikadakı Erməni Milli Konqresi ilə işgüzar əlaqələrə malik siyasətçi kimi tanınır. Şerman həmçinin bircinsli nikahları, transqenderləri müdafiə edir, hazırda iqtidarda olan respublikaçılara, xüsusən də prezident Trampa müxalif baxışları ilə tanınır. Hətta 2017-ci ildə onun impiçment vasitəsilə prezidentlik kürsüsündən uzaqlaşdırılmasının tərəfdarlarından olub. ABŞ-dakı Erməni Milli Konqresi tərəfindən lobbiləşdirilən bu konqresmen anti-Azərbaycan mövqeyi ilə həmişə seçilib. Bu ilin avqustunda Konqresdə 907 saylı düzəlişlə bağlı müzakirələr zamanı Azərbaycana münasibətdə həmin düzəlişin qüvvədə saxlanılması təklifləri ilə çıxış edib, rəsmi Bakı hazırda həbsdə olan erməni əsilli cinayətkarları azad etməyənə qədər ona təzyiq göstərməyi, silah satmamağı irəli sürüb. Azərbaycanın ABŞ-la münasibətlərindəki dinamik inkişaf, qarşılıqlı etimad və əməkdaşlığa olan maraq ermənipərəst konqresmeni narahat etdiyindən, o, növbəti dəfə ölkəmizə qarşı qaralama kampaniyasına qoşulub. Şerman ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycana və Türkiyəyə maliyyə dəstəyi göstərməməyə çağırıb. Lakin onun təklifləri Konqresdə Azərbaycanla yeni tipli münasibətlərin genişləndirilməsində maraqlı olan respublikaçı konqresmenlər tərəfindən rədd edilib və məlum düzəliş cəhdləri uğursuzluğa düçar olub". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31