BƏƏ Prezidentinin səfəri niyə əhəmiyyətlidir? – AÇIQLAMA – ÖZƏL
16:49 Siyasət"Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Azərbaycana dövlət səfəri, əlbəttə ki, Azərbaycanın beynəlxalq münasibətlərinin genişlənməsi və inkişafı baxımından çox əhəmiyyətlidir. Amma nəzərə almaq lazımdır ki, bizim Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz artıq uzun müddətdir mövcuddur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan bir çox sahələrdə BƏƏ ilə tərəfdaşlıq edir. Enerji sahəsində, xüsusilə alternativ enerji sahəsində BƏƏ-nin Azərbaycana böyük dəstəyi var. Digər sahələrdə də əməkdaşlıq mövcuddur.
"Bu səfərin ən mühüm tərəflərindən biri Qarabağla bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən zəngin dövlətlərindən biridir və çox böyük sərmayə imkanlarına malikdir. Qarabağa, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılması və bərpasına Birləşmiş Ərəb Əmirlikləri ciddi investisiyalar yatıra bilər", - deyə ekspert əlavə edib.
Ə. Mustafa bildirib ki, ümid edək ki, səfər zamanı bu məsələlər müzakirə olunacaq və geniş məlumat veriləcək. Xüsusilə, yeni iş yerlərinin açılması, sənaye və istehsal infrastrukturunun qurulması baxımından BƏƏ-nin sərmayə qoyuluşu üçün böyük imkanlar var.
Siyasi şərhçi bildirib ki, bütün bunlarla yanaşı, belə səfərlər ölkələrimiz arasındakı münasibətləri daha da yaxınlaşdırır, dostluq əlaqələrini gücləndirir. Bu baxımdan da səfəri çox əhəmiyyətli hesab edirəm. Eyni zamanda bu, regionda marağı olan digər dövlətlərə də bir mesajdır: dünyanın əksər ölkələri Azərbaycanla yaxın münasibətlər qurur, dostluq edir. Ona görə də bu bölgəyə sülh və tərəfdaşlıq məkanı kimi yanaşmaq daha məqsədəuyğundur, nəinki hər hansı iddialarla çıxış etmək.
"Ümumilikdə beynəlxalq əlaqələrin genişlənməsi, müxtəlif coğrafiyalardan olan dövlətlərlə əməkdaşlığın qurulması və dərinləşməsi Azərbaycanın mövqeyini və nüfuzunu artırır. Bu isə həm təhlükəsizlik baxımından, həm də ticarət imkanlarının genişlənməsi baxımından ölkəmiz üçün çox önəmlidir", - deyə Əli Mustafa əlavə edib.
Sevda Dəniz