“Ermənistan vətəndaşının hərəkətinə görə dövlət tam məsuliyyət daşımır” – ÖZƏL
15:46 SiyasətÖtən günlərdə Xankəndidə erməni əsilli sakin gizlətdiyi silah-sursatı götürərək şəhərdə keçirilən tədbirə yaxınlaşmaq istəyərkən polis tərəfindən saxlanılıb.
Bəs Ermənistan tərəfi bu kimi hadisələrə görə məsuliyyət daşıyırmı və Bakı bu məsələdə hansı mövqedən çıxış edə bilər?
"Burada hər şeyi dövlətin üstünə atmaq düzgün deyil. Birincisi, nə Ermənistan, nə də Azərbaycan dövləti hansısa bir vətəndaşın törətdiyi cinayətə görə tam məsuliyyət daşımır. Çünki necə ki, Azərbaycanda cinayət törətməyə meyilli insanlar var, eyni zamanda Ermənistanda da belə insanlar mövcuddur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçinin sözlərinə görə, şovinist ideologiya və ermənipərəst düşüncə heç vaxt bitməyib. Bu insanlar bununla yaşayırlar, bununla böyüyürlər, uşaqlıqdan bu ideologiya ilə tərbiyə olunurlar. İllərlə davam edən təbliğatların təsiri var. Zori Balayan kimi təbliğatçıların beyinləri yuması, Köçəryan, Sarkisyan kimi şəxslərin ideologiyasından qaynaqlanan düşüncələrlə yaşayan insanlar mövcuddur. Ermənistan vətəndaşı uşaq dünyaya gətirəndə, çox vaxt onu türklərə qarşı nifrətlə böyüdürlər. Bu da insanların beynində həkk olunur, gələcəyinə və həyat tərzinə təsir edir. Buna görə də bu gün hansısa bir vətəndaşın belə hərəkət etməsi, tam olaraq Ermənistan hökumətinin günahı sayıla bilməz.
Siyasi şərhçi qeyd edib ki, onsuz da Ermənistan daxilində təlatümlü vəziyyət var. Paşinyana qarşı çıxan müxalifət mövcuddur və bu müxalifət ideologiyanı daha da qızışdırır. Onlar 30 illik işğaldan sonra da Azərbaycana qarşı düşmənçiliyi bitirməyən bir kütləni təmsil edirlər. Ermənistanda hələ də torpaqların geri qaytarılmasını, Qarabağın Ermənistana aid olduğunu iddia edən insanlar var. Bunları da anlamaq lazımdır. Bir anda bu insanların beynindən Azərbaycana və ya Türkiyəyə qarşı nifrətin yoxa çıxmasını gözləmək mümkün deyil. Dövlətin güc strukturlarında da boşluqlar var, hər kəsin əlində olan silahları tamamilə yığışdıra bilmirlər. Ancaq bunu da hökuməti tam günahlandırmaq kimi göstərmək düzgün deyil. Azərbaycanda da gizli silah saxlayan, bir-birini öldürən insanlar yoxdurmu? Var. Ən demokratik ölkələrdə belə cinayət hadisələri baş verir. ABŞ kimi dövlətlərdə də bəzən kütləvi qətllərin baş verdiyini görürük. Deməli, müharibədən çıxmış ölkədə hansısa vətəndaşın gizli silah saxlaması normal haldır. Və ideologiya ilə yaşayan insan Azərbaycana, hökumətinə, yaxud hansısa qrupa xidmət edib təxribat törədə bilər. Bu da normal qəbul edilməlidir, çünki 30-50 illik müharibədən sonra azərbaycanlılarla ermənilərin bir anda sovet dövründəki kimi qardaşcasına yaşamasını gözləmək düzgün deyil.
R. Məmmədova vurğulayıb ki, bunlar zamanla düzələ biləcək məsələlərdir. Ermənistan dövlət strukturları da çalışır ki, sülh prosesində ciddi hadisələr baş verməsin. Ona görə də bu cür hadisəni törədən şəxsi tuturlar və müvafiq cəzalandırırlar. Təbii ki, belə insanlardan kimsə hansısa qüvvə tərəfindən Azərbaycana qarşı istifadə edilə bilər, amma bu, o demək deyil ki, Ermənistan dövləti bilərəkdən Azərbaycana qarşı belə addım atır. Onsuz da bizim problemlərimiz Ermənistanla bitmir və yaxın zamanda bitəcəyini gözləmək də düzgün olmaz.
Sevda Dəniz