Ermənistandakı məktəblərdə Azərbaycan bayrağının rəngləri: real sülh addımı, yoxsa simvolik jest? - ÖZƏL

Ermənistanda yeni istifadəyə verilən məktəblərdə stullar Azərbaycan bayrağının rənglərində hazırlanıb.  Edgar Qazaryan bunu Paşinyanın "əlavə jesti" adlandıraraq bildirib ki, sülh sazişində belə bir öhdəlik yoxdur. Onun sözlərinə görə, "Azərbaycan məktəblərində oxşar addım atılmırsa, erməni məktəblərində bu jestin hansı məntiqi var?".
Belə jestlərin sülh prosesinə real təsiri varmı, yoxsa bunlar yalnız simvolik görüntü yaratmaq məqsədi daşıyır? 
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" 8 avqust tarixində Vaşinqtonda imzalanan sənədlərdən sonra real praktiki addımların atılması mühüm əhəmiyyət kəsb edir. Bu il Ermənistan məktəblərində dövlətin tövsiyəsi ilə müxtəlif sülh naminə jestlərin atılması davamlı xarakter almalıdır. Biz hər zaman öz çıxışlarımızda bildirirdik ki, Ermənistanda yeni nəsil formalaşmalıdır və bu yeni nəsil saxta və uydurma ideologiyadan uzaq olmalıdır. Yəni, "dənizdən dənizə Ermənistan", Azərbaycan torpaqları əsasında dövlət quruculuğu kimi mifik, uydurma və şovinist dairələrin ideologiyası iflasa uğramalıdır. Bu gün biz görürük ki, Ermənistanın baş naziri sülh ilə bağlı daha konkret danışır və Praqada Azərbaycanın ərazi bütövlüyünün tanınmasının qarşılıqlı olması haqqında fikir bildirir. Hesab edirəm ki, siyasi şoudan və populizmdən uzaq, daha real addımlar atılmalıdır. Amma şübhəsiz ki, məktəblilər, gənclər Ermənistan cəmiyyətində birgə yaşayışa və eləcə də Cənubi Qafqazda sülhə, əmin-amanlığa, dayanıqlı təhlükəsizliyə hazır olmalıdırlar və buna uyğun addımlar atmalıdırlar. Əks təqdirdə, sülhün davamlılığı azalacaq, gərginlik və risk elementləri ortaya çıxacaq, təhdidlər artacaq və bu da sülh ilə bağlı danışıqları heçə endirə bilər. Əldə olunmuş dinamikanı inkişaf etdirmək, artırmaq və daha da dərinləşdirmək önəmlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31