Bəhruz Quliyev: “Ağrıdağın pasportlardan çıxarılması Ermənistanın reallığı qəbul etdiyini göstərir” – ÖZƏL
15:44 Siyasət"Ermənistan hökumətinin 2025-ci il 1 noyabrdan etibarən pasport möhürlərində Ağrıdağ təsvirinin çıxarılması barədə qərarı əslində sadəcə texniki dəyişiklik deyil, mühüm siyasi mesaj daşıyır. Onilliklər ərzində Ermənistanın dövlət simvollarında, sənədlərində və rəsmi atributlarında Ağrıdağın təsvirinin xüsusi yeri olub. Bu isə reallıqdan uzaq, qonşu dövlətin ərazisinə iddianın dolayı formada nümayişi idi".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, bu addım göstərir ki, Ermənistan hökuməti artıq simvolik olsa belə, tarixi xəyal və əsassız iddialardan geri çəkilməyə məcbur qalır. Pasport möhürləri kimi gündəlik istifadə olunan dövlət rəmzlərindən Ağrıdağın çıxarılması, rəsmi Yerevanın bugünkü geosiyasi reallığı qəbul etməsi və qonşularla münasibətlərin normallaşdırılması istiqamətində atılan zəruri addımlardan biri kimi qiymətləndirilə bilər.
"Xüsusilə Türkiyə ilə münasibətlər kontekstində bu qərarın əhəmiyyəti diqqətçəkəndir. Çünki Ermənistan uzun illərdir Ağrıdağı milli kimliyin simvoluna çevirməklə, faktiki olaraq Türkiyə ilə münasibətlərdə psixoloji baryer formalaşdırmışdı. İndi həmin simvolun pasportlardan çıxarılması Ermənistanın Ankara ilə dialoqa daha real əsaslar üzərində hazırlaşdığının əlaməti kimi görülə bilər", - deyə ekspert əlavə edib.
B. Quliyev vurğulayıb ki, bu dəyişiklik Ermənistanın dərhal regional əməkdaşlığa açıq olduğunu göstərmir. Lakin mühüm rəmzi məna daşıyır ki, dövlət artıq simvolik iddiaları deyil, real siyasəti əsas götürməyə meyillidir. Bu da bugünkü Ermənistanın reallığı qəbul etməsinin və gələcəkdə daha praqmatik siyasət yürütmək məcburiyyətində qalmasının göstəricisidir.
Sevda Dəniz