Qarabağ: yenidən doğuş və iqtisadi canlanma - ÖZƏL
14:38 SiyasətPrezident İlham Əliyev Qırmızı Bazar, Hadrut və Sos kəndlərinin sakinləri ilə görüşdə bildirib ki, "separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi". Dövlət başçısı vurğulayıb ki, bütün Qarabağ artıq nəzarət altındadır.
Qarabağın tam nəzarət altına alınması və separatçılığın sona çatması bölgədə siyasi sabitliyə necə təsir edəcək? "Böyük Qayıdış" Proqramının icrası regionun sosial-iqtisadi inkişafına hansı imkanlar yarada bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Bu günə qədər Qarabağ beynəlxalq dünyaya açıla bilmirdisə, iqtisadi cəhətdən, siyasi cəhətdən çöküş yaşamışsa, infrastrukturu dağılmışsa, şəhərlərində həyat məhdudlaşmışdısa, bunun günahı Azərbaycan tərəfində deyildi. Bunun günahı işğal tərəfində, Ermənistanda və separatist terrorçulara aid idi. Onların radikal addımları və işğal siyasəti nəticəsində 30 ilə yaxın müddətdə Qarabağ dünyadan təcrid olundu, həyat köçdü və hər cəhətdən tənəzzül yaşadı. Ona görə də bu gün işğal başa çatdıqdan sonra nə ilə qarşılaşırıq? Qarabağa artıq beynəlxalq ab-hava gəlib, beynəlxalq hava yolları açılır, dünyanın fərqli ölkələri və şirkətləri yenidənqurma işlərinə cəlb olunur. Qarabağa həyat qayıdır, sakinlər qayıdır, insanlar qayıdır, məktəblər açılır. Bunun əsasını qoyub, bu xətt davam etdirilir. Gələcəkdə sosial layihələr artdıqca, infrastruktur bərpa olunduqca, həyatın geri qayıtması ilə Qarabağ iqtisadi cəhətdən də dirçələcək. Mənə elə gəlir ki, Qarabağ təkcə Azərbaycan üçün deyil, dünyanın cazibə məkanlarından birinə çevrilmək potensialına sahibdir. Bu potensial özünü doğruldarsa, Qarabağ iqtisadi cəhətdən də bir dünya incisinə çevrilə bilər. İşğalın bitməsinin təsirinə gəlincə, bu gün gördüklərimizi gələcəkdə də görəcəyik. İşğalın bitməsindən keçən beş il ərzində Qarabağa həyat gəldi, inkişaf gəldi, yenidənqurma başladı və gələcəkdə bu daha da artacaq. Yenidənqurma başa çatdıqdan, köç tamamlandıqdan sonra insanlar öz yurdlarına yerləşdikdən sonra Qarabağ böyüməyə davam edəcək, cazibə mərkəzinə çevriləcək. Fərqli regionlardan, Azərbaycanın digər bölgələrindən və başqa ölkələrdən, ən azı şirkətlər səviyyəsində əməkdaşlıqlar, yatırımlar üçün yeni çağırışlar olacaq. Bu isə bölgəni daha da inkişaf etdirəcək. Böyük Qayıdış proqramına gəlincə, bu proqram onsuz da birinci sualda verdiyimiz cavabı həyata keçirmək üçün planlaşdırılır. Yəni, Böyük Qayıdışın məqsədi Qarabağa həyat gətirmək, iqtisadi və siyasi mənada inkişaf təmin etməkdir. Mən düşünürəm ki, bu proqram addım-addım, zaman-zaman Qarabağın bütün sahələrdə inkişafının bazasını yaradacaq. Bir gün gələcək ki, biz Qarabağda yenidənqurma işlərindən danışmayacağıq, çünki bu tamamlanacaq. İnfrastrukturla bağlı problemlər bitəcək və Qarabağ sivil həyata inteqrasiya olunmuş, dünya siyasətinə, dünya iqtisadiyyatına və beynəlxalq aləmə uyğun bir regiona çevriləcək".
Zeynəb Mustafazadə