Ağrıdağ pasportlardan getdi, amma işğalçı zehniyyət qalır - ÖZƏL

" Ermənistanın pasport möhürlərindən Ağrıdağ təsvirini çıxarması ilk baxışda simvolik dəyişiklik kimi görünə bilər. Lakin bu simvolun illərlə dövlət atributlarında yer alması sadəcə "nostalji" deyil, işğalçı zehniyyətin vizual ifadəsidir. Ağrıdağ Ermənistan ərazisində yerləşmir, lakin onun pasportlarda təsvir olunması ərazi iddiasının rəsmi səviyyədə legitimləşdirilməsinə yönəlmiş addım idi. Bu, Ermənistanın tarixə deyil, geosiyasi ambisiyalara əsaslanan simvolik işğal siyasətinin göstəricisidir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 

" Belə simvollar vasitəsilə Ermənistan öz vətəndaşlarına və beynəlxalq ictimaiyyətə subliminal mesajlar ötürürdü. Möhürlərdə Ağrıdağın yer alması Türkiyəyə qarşı ərazi iddiasının vizual forması idi. Bu, həm də Azərbaycanın maraqları baxımından təhlükəli presedent yaradırdı. Ermənistanın bu cür simvolik siyasəti regionda sabitliyə və əməkdaşlığa ziddir. Ağrıdağın çıxarılması, Ermənistanın işğalçı zehniyyətdən uzaqlaşmaq cəhdi kimi təqdim olunsa da bu addımın gecikmiş və məcburi xarakter daşıdığı aydındır. Azərbaycan üçün bu dəyişiklik Ermənistanın simvolik təxribatlarının neytrallaşdırılması baxımından müsbət addımdır. Lakin bu, köklü zehniyyət dəyişikliyi anlamına gəlmir. Ermənistanın işğalçı siyasəti yalnız vizual simvollarla deyil, real ərazi iddiaları və hərbi təcavüzlərlə özünü göstərib.  Qarabağ və ətraf rayonların işğalı bu zehniyyətin konkret nəticəsidir. Ağrıdağ simvolu bu ideologiyanın "mədəni" kodlaşdırılmış forması idi. Azərbaycanın maraqları bu cür simvolik iddiaların tamamilə aradan qaldırılmasını tələb edir. Ermənistan yalnız simvolik deyil, hüquqi və siyasi səviyyədə də işğalçı ritorikadan imtina etməlidir. Ağrıdağın pasportlardan çıxarılması əgər ardıcıl siyasətlə müşayiət olunarsa regionda yeni mərhələnin başlanğıcı ola bilər. Azərbaycan bu prosesləri diqqətlə izləyir və strateji mövqeyini qoruyaraq diplomatik üstünlüyünü davam etdirir. Ermənistanın simvolik geri çəkilməsi onun real siyasətində də dəyişikliklərə səbəb olmalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31