Təhsilin açdığı yol sabahımızın ən etibarlı zəmanətidir- ÖZƏL

"Sentyabrın 15-i ölkəmizdə hər zaman xüsusi əhəmiyyət daşıyan bir gündür. "Bilik Günü". Bu gün biz, yeni dərs ilinə ümidlə, sevinclə və böyük arzularla qədəm qoyuruq. Müəllim olaraq yaxşı bilirəm ki, təhsil təkcə bilik öyrətmək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. Uşaqlarımızın savadlı, düşüncəli, yaradıcı və vətənpərvər böyüməsində müəllimin rolu çox böyükdür. Gənclərin gələcəyi bizim əlimizdədir və bu, böyük məsuliyyətdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində qoyduğu möhkəm təməl və bu gün Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət sayəsində Azərbaycanda təhsil sistemi müasir dövrün tələblərinə uyğun inkişaf edir. Bu siyasət müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsinə, gənclərimizin isə dünya standartlarına cavab verən biliklər qazanmasına şərait yaradır.
Dövlətimizin təhsilə göstərdiyi diqqət, müəllimlərə yaradılan şərait, məktəblərimizin müasir texnologiyalarla təchiz olunması bizə daha yaxşı nəsil yetişdirmək imkanı verir. Bugünkü məktəblilər sabahkı alimlərimiz, mühəndislərimiz, həkimlərimiz, hərbçilərimiz, müəllimlərimiz bir sözlə, Azərbaycanın gələcəyini quracaq insanlardır.
Təhsil sahəsində görülən hər bir iş dövlətimizin gələcəyinə edilən ən dəyərli sərmayədir. Çünki bilikli, düşüncəli və məsuliyyətli gənclər sabah Azərbaycanın daha güclü, müasir və qlobal miqyasda nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirəcəklər.
Bu münasibətlə bütün dəyərli həmkarlarımı, tələbələrimizi və məktəbə ilk addımlarını atan balaca şagirdlərimizi "Bilik Günü" və yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, hər birinizə uğurlar, nailiyyətlərlə dolu illər və parlaq gələcək arzulayıram! Unutmayaq ki, təhsilin açdığı yol, sabahımızın ən etibarlı zəmanətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31