“907-ci düzəliş aradan qalxarsa, tərəfdaşlıq daha da genişlənəcək” – Taleh Əliyev – ÖZƏL

"Rəsmi Vaşinqton, Azərbaycan müstəqilliyini qazandığı ilk illərdən etibarən ölkəmizlə geniş spektrdə əməkdaşlıq edir. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" bu baxımdan xüsusi önəm daşıyan amillərdən biri hesab oluna bilər. Bununla yanaşı, Azərbaycanın NATO tərəfdaşlığı çərçivəsində ABŞ ilə hərbi əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və terrorizmə qarşı birgə mübarizəsi kifayət qədər genişdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycanın erməni işğalına qarşı apardığı mübarizə nəticəsində ABŞ-dəki erməni lobbisi Konqresdə "907-ci düzəliş"in qəbuluna nail oldu. Bu düzəliş uzun illər ərzində ABŞ tərəfindən Azərbaycana maliyyə yardımlarının göstərilməsi qarşısında ciddi maneəyə çevrildi. Sonrakı illərdə, xüsusən 2010-cu illərdən başlayaraq bu məhdudiyyət müəyyən mənada yumşaldı və II Qarabağ müharibəsinin sonuna qədər davam etdi. Lakin müharibədən sonra 907-ci düzəliş yenidən Azərbaycana tətbiq olunmağa başladı.

"Məlum olduğu kimi, 8 avqust Vaşinqton zirvəsində Azərbaycan və ABŞ liderlərinin görüşündən sonra bu düzəlişin yenidən dayandırılması barədə prinsipial razılıq əldə olundu. Yaxın gələcəkdə, hətta bu ilin sonuna qədər, onun tamamilə ləğv edilməsi ehtimalı da mövcuddur. Mən bu ehtimalı 50-50 olaraq qiymətləndirirəm. Çünki bu gün regionda Azərbaycan və Ermənistan arasında əlaqələrin fundamental şəkildə yenidən qurulması, xüsusilə iqtisadi əməkdaşlıq əsasında inşa olunması prosesində ABŞ mühüm vasitəçi rolunu oynayır. Eyni zamanda regionu bir-birinə bağlayan və sülh sazişinin dayanıqlığını təmin edən kommunikasiya xətlərinin açılması məsələsi də ABŞ-nin təşəbbüsləri ilə gündəmdədir", - deyə ekspert əlavə edib.

T. Əliyevin fikrincə, ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı etimadı möhkəmləndirəcək əsas amillərdən biri, heç şübhəsiz ki, 907-ci düzəlişin tamamilə ləğvi ola bilər. Bununla yanaşı, hazırda bu düzəliş qüvvədə olsa da, Azərbaycan və ABŞ arasında enerji, sənaye, kənd təsərrüfatı, iqlim məsələləri, təhlükəsizlik, müdafiə və terrorizmə qarşı mübarizə də daxil olmaqla, demək olar ki, bütün sahələrdə geniş əməkdaşlıq mövcuddur. 907-ci düzəlişin aradan qaldırılması isə bu əməkdaşlığın daha da genişlənməsinə imkan verəcəkdir.

Siyasi şərhçi vurğulayıb ki, amerikalı rəsmilərin, xüsusən də konqresmen və senatorların Azərbaycana dəvət olunması çox düzgün siyasi yanaşmadır. ABŞ siyasi elitası ölkəmizi nə qədər yaxından tanısa, Azərbaycanla birbaşa təmas qursa, bu, gələcəkdə Azərbaycan-Amerika münasibətlərinin inkişafına mühüm töhfə verəcəkdir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31