Xaçatuyanın bəyanatı – Paşinyanın Kreml səfərinə mesaj - ÖZƏL

"Ermənistan Prezidenti Vaaqn Xaçaturyan  bildirdi ki, biz artıq "kiçik qardaş" deyilik və "böyük qardaşımızın" göstərişini gözləməyəcəyik. Bu mənada Ermənistanın artıq öz müstəqil qərarlarını qəbul etdiyini,  Moskva tərəfindən qıcıqlandırılmayacağını və onların bu qərarı qəbul edəcəyini bildirib". Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib: 

" Ancaq biz bilirik ki, Ermənistan iqtisadiyyatının təqribən 75%-i Rusiyadan asılıdır. Dəmir yolları, elektrik enerjisi, böyük zavodları, sərhəd qoşunları - bütün bunlar Rusiyanın nəzarətindədir. İranla və Türkiyə ilə Ermənistan sərhədini də rus hərbçiləri qoruyur. Həm də məlumdur ki, Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir. Bununla belə demək lazımdır ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı müəyyən planları addım-addım həyata keçirməyə başladı. İlk olaraq onlar rus sərhədçilərini çıxarmağa nail oldular. Sonra Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd-keçid məntəqələrində də rusların nəzarətindən imtina edildi və həmin yerləri ermənilər özləri tutdular. Artıq bir neçə dəfə Gümrüdəki 102-ci  hərbi bazanın qarşısında da erməni millətçiləri toplaşaraq oradakı rus qoşunlarının çıxarılmasını tələb etdilər. Yəni belə bir görüntü yaratdılar. Bu çıxış da Nikol Paşinyanın Moskvaya gözlənilən səfərindən əvvəl baş verdi. Onlar əvvəlcədən göstərmək istədilər ki, Rusiya bilsin - biz əvvəlki Ermənistan deyilik. Yəni Sarkisyanın, Köçəryanın dövründəki ermənilər deyilik ki, bizi çağırasınız, tapşırıq verəsiniz və biz də onu icra edək. Xeyr, biz müstəqil ölkəyik. Ancaq hesab edirəm ki, iqtisadi və siyasi baxımdan asılılığı bu qədər olan bir ölkənin tam müstəqil olması mümkün deyil. Paşinyan indiyə qədər balanslaşdırılmış siyasət yürüdürdü. Siyasi baxımdan Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atırdı və artıq Ermənistan qərar qəbul etdi ki, Avropa İttifaqına üzv olmaq üçün müraciət etsin. Eyni zamanda onlar Avrasiya İttifaqında da iştirak edirdilər və bundan kifayət qədər fayda götürürdülər. Keçən il kiçik Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 14 milyard dollar təşkil edib. Ancaq bu ilin əvvəlindən Ermənistan Avropa İttifaqına qoşulmaq istədiyini bildirdikdən sonra Rusiyanın Baş naziri müavini dəfələrlə bəyan etdi ki, Ermənistan iki yoldan birini seçməlidir: ya Avropa İttifaqı, ya Avrasiya İttifaqı.
Artıq məlumdur ki, Ermənistan hakimiyyəti Qərbin diktəsi ilə hərəkət edərək Rusiyadan uzaqlaşmağa çalışır. Balanslaşdırılmış siyasət artıq dalana dirənib. "Səndən ucuz alım, başqasına baha satım, pul qazanım" siyasətinə ruslar imkan vermirlər. Ona görə hesab edirəm ki, Paşinyanın Moskvaya səfəri gərgin və çətin keçəcək. Xüsusilə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsi - Zəngəzur dəhlizinin açılması və ora Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarət etməsi məsələsi  yerinə yetirilməyib. Ancaq avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Trampın iştirakı ilə həmin dəhlizin 99 illiyinə ABŞ şirkətinə verilməsi barədə qərar qəbul edildi. Bu da Rusiyanı necə deyərlər oyundan kənar vəziyyətdə qoydu. Təbii ki, bütün bunlar Rusiyanı qıcıqlandırır. Hesab edirəm ki, Putin və Paşinyanın görüşü əsasən bu məsələlər üzərində olacaq. Putin əlində olan rıçaqlardan istifadə edərək Paşinyanı sıxmağa çalışacaq.
Ancaq güman edirəm ki, Paşinyan Avrasiya İttifaqında qalmaq istədiyini bildirəcək və "Tramp marşrutu"nun həm də Rusiyaya da faydalı olacağını əsas gətirərək vəziyyətdən yaxa qurtarmağa çalışacaq. Ona görə də hesab edirəm ki, Xaçaturyanın bu bəyanatı məhz Paşinyanın Rusiyaya səfəri öncəsi verilmiş bir mesajdır. Moskva isə İrəvanın balanslaşdırılmış siyasətinə artıq son qoyaraq qarşısına konkret şərt qoyacaq: iki yoldan birini seçməlisiniz". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31