Fundamental məsələlərdə Azərbaycan və Çin liderlərinin mövqeyi üst-üstə düşür- ÖZƏL

"Azərbaycanla Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərimizdə keyfiyyət dəyişikliyi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. 1994-cü ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin ÇXR-ə ilk rəsmi səfəri oldu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 müqavilə imzalandı. Rəsmi Bakı-Pekin münasibətləri üçün xarakterik əməkdaşlıq və dostluq mühiti Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən daha da inkişaf etdirilərək Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib: "Carı ilin 23 aprel tarixində Pekində Azərbaycan və Çin siyasi liderlərinin imzaladıqları "Azərbaycan Respublikasıı və Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" sayəsində iki dövlət arasında münasibətlər keyfiyyətcə ən yüksək səviyyəyə qalxmışdır.

Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan "Vahid Çin" ideyasını qəbul edir və onu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tam dəstəkləyir. Azərbaycan Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini müdafiə edir və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biridir. ÇXR də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində anoloji mövqe ortaya qoyur, haqq işimizi hər yerdə və hər zaman dəstəkləyir. Yeri gəlmişkən, onu da qeyd edək ki, hər iki dövlətin liderlər arasında şəxsi dostluq münasibətlərinin olması faktı da dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təsir edən həlledici amillərdən biridir.

ÇXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin haqlı olaraq qeyd etdiyi kimi, "Bu səfərdə bütün proseslərdə iştirak edərək ən çox hiss etdiyim odur ki, dövlət başçılarının diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafında bir kompas və yüksələn ulduzdur". Fikirlərini davam etdirən xanım səfir xüsusi olaraq vurğulayıb ki, "Prezident İlham Əliyev Çinə artıq 7 dəfə səfər edib və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə 10-dan çox görüş keçirilib. İki dövlət başçısı arasında yaxşı işgüzar əlaqələr qurulub və dərin şəxsi dostluq münasibətləri möhkəmləndirilib. Məhz dövlət başçılarının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyəyə çatıb. Bununla da böyük və kiçik dövlətlər arasında bərabər münasibət və dostcasına əməkdaşlıq nümunəsi formalaşdırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31