Tranzit dəhlizi, yoxsa sərhəd məntəqəsi? – Bakı və İrəvanın fərqli mövqeləri – ÖZƏL

"Azərbaycanla Ermənistan arasında sərhəd məsələsində uyğunsuzluqlar bir neçə məqamla bağlıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib.Bildirib ki, Paşinyanın verdiyi qərara əsasən, sərhəddə adi qaydada yoxlamalar aparılacaq. Yəni keçid məntəqəsində insanların cihaz üzərindən də olsa yoxlanılması və müəyyən təmasın olması nəzərdə tutulur. Burada əsgərlərin pasportları yoxlaması və bunun bir qədər vaxt aparması da gözlənilir.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan bu keçidi tranzit dəhlizi kimi deyil, normal sərhəd məntəqəsi kimi görmək istəyir. Azərbaycan isə daha çox beynəlxalq tranzit dəhlizi modelini təklif edir. Bu halda Azərbaycan vətəndaşları və başqa ölkə vətəndaşları dəhlizdən istifadə edərkən erməni əsgərləri ilə birbaşa təmasda olmaq istəmir. Azərbaycan hesab edir ki, sərhəddə əsgərlərin yoxlaması və əlavə təmas arzuolunmazdır, çünki bu həm vaxt itkisinə, həm də müəyyən narahatlıqlara səbəb olur. Ermənistan isə bildirir ki, sərhədi keçən insanlar arasında şübhəli şəxslər ola bilər və onlarla bağlı şəxsən yoxlama aparmaq lazım gələcək. Bu isə Azərbaycanın qəbul etmədiyi məqamlardan biridir. Azərbaycan daha çox sərhədin tam avtomatlaşdırılmış şəkildə işləməsini, hər hansı maneə və ya əlavə yoxlama olmadan keçidlərin təmin olunmasını istəyir. Bu isə Ermənistanın maraqlarına uyğun gəlmir.

R. Məmmədova əlavə edib ki, tərəflərin təklifləri üst-üstə düşmür. Bu səbəbdən də müəyyən qarşıdurmalar yarana bilər. Çünki tranzit zamanı qaçaqmalçılıq, silah keçirilməsi, insanların qanunsuz hərəkətləri kimi hallar ola bilər və Ermənistan tərəfi bu riskləri nəzərə alaraq yoxlamaların mütləq aparılmasını vacib sayır. Azərbaycan isə cihaz üzərindən ümumi yoxlamanı kifayət hesab edir. Burada əsas məsələ odur ki, Azərbaycanın tələb etdiyi manieəsiz keçid Ermənistanın mövqeyi ilə uyğun gəlmir.

"Problemin həlli üçün sərhəd xidmətləri məsələsində hər iki dövlət ortaq razılığa gəlməli, sərhəd məntəqələrinin fəaliyyəti beynəlxalq qanunlara uyğun şəkildə müəyyənləşdirilməlidir. Çünki bu gün Azərbaycanda da tamamilə manieəsiz keçid mövcud deyil - orada da əsgərlərin rolu var. Bu halda Ermənistan tərəfi də oxşar qaydaları tətbiq etmək istəyir. Nəticə olaraq, sərhəd məsələlərinin həlli üçün danışıqlar davam etməli və ortaq prinsiplər əsasında razılaşmalar əldə olunmalıdır", - deyə siyasi şərhçi bildirib.

R. Məmmədova vurğulayıb ki, beynəlxalq dəhlizlər və ümumiyyətlə tranzit gedişləri ilə bağlı məsələlər beynəlxalq hüquqa uyğun şəkildə, eyni zamanda keçid məntəqələrinin daxili qanunvericiliyinə əsaslanaraq tənzimlənməlidir. Bu prosesdə hər iki tərəfin razılığı və iştirakı vacibdir. Xüsusilə dəhliz anlayışının özü tam dəqiq müəyyən edilməlidir: söhbət həqiqi mənada "dəhlizdən" gedir, yoxsa sadəcə beynəlxalq tranzit məntəqəsindən? Bu məsələ tam aydınlaşdırıldıqdan sonra keçid, logistika və beynəlxalq tranzitlərlə bağlı məsələlər beynəlxalq hüquq çərçivəsində tənzimlənməlidir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31