Oxuma cihazları həll yoludurmu? Zəngəzur dəhlizində yeni müzakirə - ÖZƏL
16:46 SiyasətPaşinyan bildirib ki, Zəngəzur dəhlizindən keçid zamanı pasportlar cihazlarla oxunacaq, sərhədçilər yalnız şübhəli hallarda müdaxilə edəcəklər. Bu, Azərbaycanın əsas şərti olan "təmasın olmaması"na uyğun görünsə də, "maneəsiz keçid" anlayışının tam olaraq nə demək olduğu hələ dəqiq deyil.
Paşinyanın "oxuma cihazları" ilə bağlı açıqlaması Azərbaycanın "maneəsiz keçid" tələbini tam qarşılayırmı? Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Açıq-aşkar məsələdir ki, burada tərəflərin məsələyə baxışı fərqlidir. Ermənistan düşünür ki, bu Ermənistan ərazisidir, deməli, öncəliklə Ermənistan burada bütün hüquqlara sahib olmalıdır: nəzarət, sərhəd, gömrük yoxlanışları, vergi və yığımlar və s. Azərbaycan düşünür ki, öz ərazisinə gedir. Yəni, Naxçıvana gedirsə, bu Azərbaycan ərazisindən keçid deməkdir. Azərbaycan vətəndaşı öz ölkəsi daxilində - Azərbaycan-Azərbaycan arasında keçirsə nəyə görə gömrük, sərhəd, nəzarət məntəqəsindən keçməlidir, nəyə görə vergi ödəməlidir, nəyə görə yoxlanmalıdır? Eyni zamanda mal və xidmətlər üçün də niyə gömrük və vergi rüsumları olmalıdır? Digər tərəfdən nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsi yeni bitib və insanların emosional hissləri pik səviyyədədir. Ona görə də bu, istənilən halda müəyyən vaxtlarda təxribatlara açıq ola bilər, qarşıdurmalara səbəb ola bilər. Məsələn, erməni sərhədçisinin Azərbaycan vətəndaşı ilə münasibəti, yaxud erməni gömrükçüsünün Azərbaycan mal və xidmətlərinə münasibəti kimi hallar problem yarada bilər. Ona görə də Azərbaycan tərəfi tələb edir ki, Azərbaycan birbaşa, təmassız şəkildə Naxçıvana keçsin. Burada başqa bir məqam da var. Paşinyan nisbətən ortaq bir versiya təqdim edib. Bu versiyaya görə, azərbaycanlılar həmin sərhəddən keçəcəklər, sərhəd nəzarətindən də keçmiş sayılacaqlar. Amma erməni sərhədçiləri ilə birbaşa təmas olmayacaq - proses elektron və avtomatik şəkildə həyata keçiriləcək. Yalnız xüsusi hallarda erməni sərhədçiləri müdaxilə edə biləcəklər. Yəni, sərhəd nəzarəti Ermənistanın əlində qalır, amma Azərbaycan vətəndaşları üçün elektronlaşdırılmış, daha asan üsuldan istifadə olunacaq. Təbii ki, bu, Azərbaycanın dediyi tamamilə maneəsiz keçid prinsipinə uyğun gəlmir. Amma Ermənistan tərəfindən də ortaya atılmış bir versiyasıdır. Azərbaycan dövləti də, xarici işlər nazirləri tərəfindən keçirilən görüşlərdə də alternativ təkliflər də irəli sürüləcək. Ümid etmək olar ki, ortaq bir variant tapılacaq. Elə bir variant ki, həm Azərbaycan dövlətini, həm də Azərbaycan vətəndaşlarını narazı salmayacaq və maneəsiz keçid prinsiplərinə uyğun gələcək. Eyni zamanda Paşinyan da bunu erməni cəmiyyətinə qəbul etdirə biləcək və yaxın vaxtlarda bu yol açılacaq".
Zeynəb Mustafazadə