Turan Rzayev - Ermənistanın iqtisadi asılılığı qaldıqca, Rusiya təsirini saxlayacaq - ÖZƏL
16:24 SiyasətKreml İrəvanda təsir imkanlarını itirdikcə Rusiyadakı erməni diasporuna dəstəyini gücləndirir. Vladimir Putin Rusiya Erməniləri İttifaqının 25 illiyi münasibətilə təşkilatı təbrik edib. Ermənistan mediası isə Putinin "ideal erməni" modelinin Moskvanın maraqlarına xidmət edən, itaətkar və asılı şəxs olduğunu yazır. Politoloqlar bildirirlər ki, Rusiya Ermənistanı iqtisadi asılılıqda saxlamağa və diaspor təşkilatları üzərindən təsirini gücləndirməyə çalışır.
Rusiya Erməniləri İttifaqına verilən dəstək Kreml üçün Ermənistanda yeni təsir alətinə çevrilə bilərmi? Ermənistanın Rusiyadan iqtisadi və siyasi asılılığı regiondakı balansı necə dəyişə bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Rusiyanın Ermənistandakı təsir imkanları hələ də qalmaqdadır. Yəni, bu ölkədə hələ də Rusiyaya sadiq 5-ci kolon var. Əvvəlki kimi olmasa da, faktiki olaraq qalır. İkinci məsələ, iqtisadi asılılıq davam etməkdədir. Nə qədər ki, Azərbaycanla münasibətlər tam normallaşmayıb və ya Türkiyə ilə sərhədlər açılmayıb, bu iqtisadi münasibətlərdə asılılıq davam edəcək. Proses artıq tərsinə çevrilməyə doğru gedir. Yəni, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaqla böyük ehtimal Avropa bazarına çıxış əldə edəcəkdir və Türkiyə şirkətlərinin bu ölkəyə axını eyni zamanda Azərbaycan enerji layihələri fonunda Rusiyaya asılılıq böyük ölçüdə aradan qalxacaq. Təbii ki, Ermənistan ordusundakı Rusiyaya sadiq qüvvələri də qeyd etmək lazımdır. Əslində, göründüyü kimi təhlükəli tendensiya yoxdur. Düzdür təhlükə tam keçməyib. Amma ən azından Paşinyan hakimiyyəti çalışır ki, nələrsə etsin, bu asılılığı sıradan çıxarsın və sülhə nail olsun. Amma Rusiya böyük ehtimal destruktiv mövqeyini saxlayacaqdır. Asılılıq qalsa Rusiyanın təsiri də olacaqdır, amma bu asılılıq sıradan çıxarsa, artıq Rusiya Cənubi Qafqazdakı sonuncu qalasını da itirəcək. Bununla da Cənubi Qafqaz Rusiya təsirindən uzaqlaşacaq. Bu ölkələr üçlü əməkdaşlığı gələcəkdə genişləndirərsə, mühüm nailiyyətlərə nail ola biləcəklər".
Zeynəb Mustafazadə