NATO-nun 4-cü maddəsi işə düşdü: 5-ci maddə gündəmə gələ bilərmi? – ÖZƏL

Rusiya PUA-larının Polşa hava məkanına daxil olması NATO üçün hansı real təhlükələri yaradır? NATO-nun 4-cü maddəsinin işə salınması hansı nəticələrə gətirib çıxara bilər? Rusiya bu insidentə necə cavab verə bilər? 

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Vaqif Hüseyn bildirib ki, Rusiya artıq NATO-nu hər mənada yoxlayır. Yəni, bir sərhədi keçirsən, sonra digər sərhədi və qarşı tərəfin buna necə reaksiya verdiyini izləyirsən. Qarşı tərəf əgər cavab vermirsə, sən daha da irəli gedirsən. Biz bunu Almaniya nümunəsində 1940-cı illərdə gördük. Almaniya əvvəlcə Saar və Rur bölgələrinə daxil oldu, daha sonra 1939-cu ildə Polşaya hücum etdi və bunun hansı nəticələrə gətirib çıxardığını tarixdən bilirik.

Siyasi şərhçi qeyd edib ki, Ukrayna savaşı əslində NATO-ya bir siqnal olmalı idi. Bu, eyni zamanda NATO-nun reaksiyasını ölçmək üçün bir yoxlama idi. Əgər NATO Rusiyanın dron hücumlarına sərt reaksiya göstərməsə, bu hücumların davamı gələcək. Çünki rəqibi yoxlamaq bütün savaşlarda belədir. Əslində insanlar arasındakı münasibətlərdə də eyni məntiq işləyir.

"NATO-nun 5-ci maddəsi artıq kollektiv müdafiəni, konkret tədbirləri nəzərdə tutur. 4-cü maddə isə sadəcə müzakirədir. Rusiyanın reaksiyası, ən yaxşı halda, 4-cü maddə çərçivəsində NATO daxilində müzakirələrin başlaması ola bilər. Əsl nəticəni isə yalnız 5-ci maddə işə düşəndə görmək olar. Ancaq mən bunun baş verəcəyinə çox şübhə ilə yanaşıram", - deyə Vaqif Hüseyn əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31