Moskvanın planı: Ermənistanda Rusiyayönlü hakimiyyət – ÖZƏL
14:24 Siyasət"Kreml İrəvandakı siyasi alətlərinin zəiflədiyinin fərqindədir. Paşinyan inzibati resurslardan, hakimiyyət imkanlarından istifadə edərək hər gün bir qədər güclənir və ölkədə Rusiya təsirini zəiflədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Bildirib ki, son vaxtlar ll Qareginlə olan mübarizə, rus əsilli iş adamlarının həbsi, "5-ci kolon"un gözdən salınması kimi addımlar Rusiyanı daha təsirli alətlər tapmağa məcbur edir. Ona görə də, Rusiya Erməniləri İttifaqının 25 illiyi ilə bağlı Putinin təbriki, həmçinin Rusiyada erməni diasporuna göstərilən diqqət və qayğı təsadüfi deyil. Aydın görünür ki, Rusiya bu resursları səfərbər etmək istəyir və bu proses artıq başlayıb.
Siyasi şərhçi qeyd edib ki, məlumatlara görə, hazırda Rusiyada yaşayan ermənilərin sayı Ermənistandakı ermənilərdən çoxdur. Bu isə kifayət qədər ciddi resurs deməkdir. Rusiya bu resursu səfərbər edərək qarşıdakı seçkilərdə Ermənistana yönəltmək, hakimiyyət dəyişikliyi həyata keçirmək niyyətindədir. Məqsəd Paşinyanı hakimiyyətdən uzaqlaşdıraraq yenidən Rusiyayönlü bir hökumət formalaşdırmaqdır. Buna görə də, Kremlin ən sonuncu siyasi alətlərindən biri kimi Rusiya Erməniləri İttifaqı dövriyyəyə buraxılır. Bu qurumun üzvlərinin əksəriyyəti Rusiyanın müvafiq strukturları ilə sıx əməkdaşlıq edir, həyatları və dolanışıqları da oradadır. Təbii ki, onlar Rusiyanın tapşırıqlarını yerinə yetirməyə çalışacaqlar. Elə bu kontekstdə Ara Abramyanın Paşinyan əleyhinə son vaxtlar səsləndirdiyi sərt açıqlamalar da təsadüfi deyil - Kremlin sifarişi ilə aparılan siyasi prosesin bir hissəsidir.
"Ermənistan bu gün Rusiyanın əsas hədəfindədir. Kreml müxtəlif alətlərdən istifadə edərək Ermənistandakı siyasi proseslərə təsir göstərmək istəyir. Yaxın vaxtlarda Rusiyanın çoxsaylı emissarlarının Ermənistana göndərilməsi, Paşinyan əleyhinə Rusiyada televiziya üzərindən aparılacaq PR kampaniyaları gözləniləndir. Bütün bunlar Cənubi Qafqazdakı güc balansını dəyişməyə hesablanıb", - deyə Əli Mustafa əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya düşünür ki, Ermənistanda Rusiyayönlü hakimiyyət formalaşarsa, bunun üzərindən Azərbaycana da təsir imkanları əldə edə bilər. Ermənilərin Qarabağa qayıtması, Azərbaycana qarşı iddiaların körüklənməsi və s. kimi mövzular vasitəsilə Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə çalışır. Hətta Zəngəzur dəhlizinə dair məsələlərə də yenidən baxmaq istəyə bilər. Bütün bunlar bir-biri ilə sıx bağlı məsələlərdir və Paşinyan da, Qərb dövlətləri də bunu görməlidirlər. Əgər Rusiyanın bu planları reallaşarsa, Cənubi Qafqazda güc balansı dəyişəcək, Rusiyanın regiona təsir imkanları artacaq. Ermənistan hakimiyyəti isə bunu mütləq nəzərə almalıdır.
Sevda Dəniz