Diplomatiya və təhdid: ABŞ-Çin arasında yeni dönəm - ÖZƏL
14:20 Siyasət" Amerika və Çin rəsmiləri arasında son bir neçə gündə davam edən diplomatik danışıqlar onu deməyə əsas verir ki, tərəflər arasındakı ziddiyyətlər artan xətlə davam edir. Çünki burada əməkdaşlıqdan danışmaqla yanaşı, Tayvan məsələsi kimi ziddiyyətli bir mövzu da xüsusilə qabardılıb və Çin tərəfi Amerikadan Tayvan məsələsində maksimum tərəfsizlik tələb edib, bunun öz daxili işi olduğunu, buna qarışmaması gərəkdiyini bildirib".
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu nə deməkdir? Çin "vahid Çin" siyasətindən çıxış edərək birmənalı olaraq Tayvandakı status-kvonu dəyişməyə çalışır. Yəni Tayvanın müstəqilliyini tanıyan, yaxud da bitərəf qalan dövlətlərə qarşı da açıq şəkildə bildirir ki, Tayvan mənimdir və mən oradakı rejimi məhv etməklə Tayvanda ikinci Çin dövlətinin qurulmasının qarşısını alacağam. Hətta ABŞ-a da rəsmi şəkildə adaya dəstək verilməsini dayandırmağı tələb edir. Bu isə ondan xəbər verir ki, Çin artıq Tayvan hakimiyyətinin silahı könüllü şəkildə yerə qoymaması ehtimalına hazırlaşır. Əgər bu ehtimal baş verərsə, yəni Tayvan tərəfi müstəqillikdən imtina etməzsə və Çinin şərtlərini qəbul etməzsə, o halda adaya hərbi müdaxilə ehtimalına da hazır olduqlarını göstərir. Yəni Çin Tayvanı artıq ya diplomatik, ya siyasi, ya da hərbi yolla yenidən özünə birləşdirmək niyyəti ilə çıxış edir və bunu da ABŞ tərəfinə üstüörtülü şəkildə çatdırır. Əməkdaşlıqdan danışsalar da, görünən odur ki, ABŞ-Çin münasibətləri ən yüksək ziddiyyət dönəminə daxil olur. Xüsusilə Donald Trampın anti-Çin mövqeyi ilə tanınması, ikili arasındakı münasibətlərin daha da çətinləşəcəyini, pisləşəcəyini deməyə əsas verir. Çünki ABŞ özünün supergüc statusunu itirməmək üçün çalışır və yaxşı anlayır ki, bu istiqamətdə onun əsas rəqibi məhz Çin dövlətidir. Buna görə də düşünmək və ya gözləmək mümkün deyil ki, ABŞ Çinin tələbi ilə Tayvana dəstəyi dayandırsın. Əksinə, ABŞ Tayvanı gizli şəkildə silahlandırmaqla Çinə öldürücü zərbə vurmaq və onun gücünü azaltmaq mövqeyindən çıxış edəcək. Bu isə ikili arasında münasibətlərin ən azından Donald Tramp hakimiyyətdə olduğu müddətdə pisləşən xətlə davam edəcəyini göstərir. Əslində, Donald Tramp dəyişsə də, yeni gələcək hakimiyyətin də Çin məsələsinə həssas yanaşacağı aydındır. Çünki bu gün ABŞ bütün sahələrdə Çinə uduzmaq istəmir və özünün qlobal əhəmiyyətini Çinə vermək niyyətində deyil. Bu halda Çini saxlamaq üçün son bir yol qalır - hərbi versiya. Ya birbaşa özü müdaxilə etməlidir ki, bu çox da gözlənilən ssenari deyil, ya da əks halda proksi qüvvələrin əli ilə bunu edə bilər. Burada da düşünürəm ki, ABŞ-nin əsas həmfikri, dəstəkçisi və istifadə edəcəyi mərkəz məhz Tayvandır".
Zeynəb Mustafazadə