907-ci düzəlişlə bağlı Bakının yeni həmləsi

Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının komitə sədri və senator Stiv Daynsla nələri müzakirə etdi? 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Daynsla görüşüb.

Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib.

Hikmət Hacıyev ABŞ-da senator və konqresmenlə görüşdü - FOTO

Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Amerika lideri Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilən sammitin strateji əhəmiyyəti, onun Azərbaycan-Amerika münasibətləri və regional sülh üçün müsbət nəticələri vurğulanıb.

Azərbaycan Prezidentinin köməkçisi 907-ci maddənin ləğvinin vacibliyini vurğulayıb və parlamentariləri Azərbaycana səfərə dəvət edib.

Düzəliş ilk dəfə 1992-ci ildə "Azərbaycan tərəfindən Ermənistana qarşı blokadanı dayandırmaq" məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib. Ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılıb. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Veyn Ovens tərəfindən Konqresdə irəli sürülüb. 1992-ci il oktyabr ayının 24-də Konqres bu qanuna düzəliş edərək ABŞ-nin hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına (bələdiyyələrə) birbaşa yardımını qadağan edib. Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın Dağlıq Qarabağ ermənilərini blokadada saxladığını əsas gətirərək qəbul edib. Düzəlişə əsasən, ABŞ Prezidenti "Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz". Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub. 

Keçmiş ABŞ prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb. Co Bayden dəfələrlə onun ləğv edilməsinə qarşı çıxıb. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verilib. Heydər Əliyevin gərgin səyləri nəticəsində 907-ci düzəliş qeyri-müəyyən müddətə dondurulub. 

Avqustun 8-də Azərbaycan, ABŞ, Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı düzəlişin tətbiqinin Amerika Prezidenti tərəfindən növbəti dəfə dayandırıldığı elan olunub.

2000-ci illərin ortalarından sonrakı mərhələdə Azərbaycanın ABŞ yardımlarına ehtiyacı yox idi. Çünki neft müqavilələrinin icrası nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf etdi, Azərbaycan yardım alan ölkədən yardım edən ölkəyə çevrildi. 

Bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır. Eyni zamanda iqtisadi aspektdən də vacib hesab edilir. Amerika hakimiyyəti də bu düzəlişin mənasız olduğunun fərqindədir. Çünki Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan artıq Amerikanın güvənilən tərəfdaşına çevrilir və hər iki ölkə müxtəlif platformalarda bir-birinə dəstək nümayiş etdirir. Azərbaycan qaz və neft ehtiyatları ilə dünyanın diqqətini cəlb edən etibarlı tərəfdaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31