Spiker Alen Simonyan: “Ermənistan malları Azərbaycan mağazalarında satılacaq...”

Ermənistan parlamentinin sədri Alen Simonyan sülh sazişi ilə bağlı danışarkən diqqətçəkən açıqlamalar verib.

Olaylar.az xəbər verir ki, o bildirib ki, sənəd imzalandıqdan dərhal sonra iki ölkə arasında gündəlik ticarət münasibətləri başlayacaq:

"Sülh sazişindən cəmi beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları ticarət aparmağa, müxtəlif formalarda ünsiyyət qurmağa başlayacaqlar. Bu, qaçılmazdır", - deyə Simonyan vurğulayıb.

O əlavə edib ki, yaxın gələcəkdə erməni istehsalı olan məhsullar Azərbaycanın mağazalarında, Azərbaycan malları isə Ermənistan bazarlarında təqdim olunacaq. Spikerin sözlərinə görə, bu proses təkcə iqtisadi deyil, həm də sosial və siyasi baxımdan regionda yeni reallıq yaradacaq.

Simonyan həmçinin enerji əməkdaşlığına da toxunaraq bildirib ki, Ermənistan üçün Azərbaycan qazının alınması məsələsi müzakirəyə açıq ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31