Tural İsmayılov: Ermənistanın referendum qərarı regionda sabitliyi müəyyənləşdirəcək - ÖZƏL

" Ermənistanın Konstitusiya dəyişikliyi ilə bağlı referendum məsələsi regiondakı prosesləri mürəkkəbləşdirən əsas amillərdən biridir. Azərbaycan üçün bu, həm siyasi üstünlüklər, həm də müəyyən risklər yarada bilər. Üstünlüklər ondan ibarətdir ki, Ermənistan cəmiyyətində referendum vasitəsilə açıq şəkildə mövqe ifadə olunacaq və bu, sülh prosesinin legitimliyini artıracaq". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 

" Digər tərəfdən, referendumun rədd olunması halında Ermənistan hökuməti sülh prosesini formal olaraq dalana sala bilər. Bu isə Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında daha haqlı mövqedə göstərər. Çünki Bakı artıq razılaşmaya hazır olduğunu sübut edir, maneə isə Ermənistanın daxili siyasi müstəvisindən qaynaqlanır. Diplomatik planda Azərbaycan öz mövqeyini daha rahat əsaslandıra və Qərbə, eləcə də beynəlxalq vasitəçilərə "biz hazırıq, amma qarşı tərəf qeyri-müəyyəndir" mesajı verə bilər. Bu, Bakının imicinə müsbət təsir göstərir. Lakin eyni zamanda, referendumda uğursuzluq Ermənistan cəmiyyətində revanşist meyilləri gücləndirə bilər ki, bu da gələcək sabitlik üçün təhdid amilidir. Təklif olunan "imza + sonradan ratifikasiya" kompromisi isə müəyyən mənada real çıxış yolu kimi görünür. Bu model həm fürsəti dəyərləndirməyə, həm də Ermənistanın daxili siyasi risklərini yumşaltmağa imkan verə bilər. Azərbaycan üçün də əhəmiyyətli olan budur ki, ilkin imza atılmaqla hüquqi öhdəlik yaranır və proses formal olaraq irəliləyir. Amma bu yanaşmanın uzunmüddətli sabitliyi təmin edəcəyi də şərt deyil, çünki referendumun nəticəsi yenə də prosesin taleyini müəyyənləşdirəcək. Əgər Ermənistan cəmiyyəti razılığı rədd edərsə, sülh sənədi ratifikasiya olunmayacaq və yenidən qeyri-müəyyənlik yaranacaq. Beləliklə, Azərbaycan üçün ən böyük üstünlük ondan ibarətdir ki, hər iki halda - referendumun qəbul və ya rədd edilməsi - Bakı konstruktiv tərəf kimi qalır. Bu isə siyasi-diplomatik mənzərədə Azərbaycanın üstün mövqeyini möhkəmləndirir. Nəticə etibarilə, kompromis variant qısamüddətli fürsətləri təmin etsə də, uzunmüddətli sabitlik üçün Ermənistanın daxili siyasi iradəsi həlledici olacaq" .

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31