Vaşinqton razılaşmaları gələcək nəsillər üçün sülhün zəmanətidir- ÖZƏL

"Vaşinqton formatı - bir tərəfdən beynəlxalq vasitəçilik ənənələrinin davamı olsa da, digər tərəfdən post-münaqişə dövründə Azərbaycanın maraqlarının açıq şəkildə ifadə olunduğu və tanındığı platforma oldu. Burada həm ədalət, həm reallıq, həm də qarşılıqlı etimada əsaslanan münasibətlər sistemi qurulmağa başlandı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Sülh diplomatiyası yalnız sənədlərlə ölçülmür. Bu, xalqın təhlükəsizliyi, ərazi bütövlüyünün tanınması və sabit inkişaf üçün siyasi iradənin təcəssümüdür. Məhz bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən nümayiş etdirilən müdrik və ardıcıl liderlik, təkcə daxili ictimaiyyət tərəfindən deyil, eyni zamanda beynəlxalq aktorlar tərəfindən də ciddi şəkildə qəbul olundu.
Bu razılaşmalar fonunda artıq yeni mərhələyə qədəm qoyuruq: normallaşma və inteqrasiya mərhələsi. İndi əsas məsələ - əldə olunmuş razılaşmaların icrasıdır. Azərbaycan tərəfi bu istiqamətdə qətiyyətlidir və ardıcıl addımlar atır. Eyni zamanda, bu proses regional əməkdaşlıq və iqtisadi inteqrasiyanı da stimullaşdırır. Cənubi Qafqazda uzunmüddətli sabitlik yalnız sülh və qarşılıqlı etimadla mümkündür və biz bu gün bunun əsasını qoyuruq. Vaşinqton razılaşmaları - diplomatiyanın, milli maraqların müdafiəsinin və müdrik liderliyin sintezidir. Bu, yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də sülhün zəmanətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31