Rusiyadan növbəti iddia: Azərbaycan pakistanlı muzdluları ölkəyə köçürür – ÖZƏL

"Rusiya Politoloqlar Cəmiyyətinin Analitik Mərkəzinin direktoru Andrey Serenkonun guya 50 min pakistanlı muzdlunun Əfqanıstan və Türkmənistan vasitəsilə Azərbaycana köçürülməsi iddialarını ciddi qəbul etmirəm. Nə Pakistanla, nə Türkmənistanla, nə də başqa ölkələrlə bağlı belə iddiaların heç bir əsası yoxdur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu iddialar sadəcə olaraq cəfəngiyyatdır. Şübhəsiz ki, SEPAH-ın maraqlarına uyğundur belə məlumatları yaymaq. İddialar da ona hesablanıb ki, guya Azərbaycana terrorçular köçürülür və regionda terror şəbəkəsi yayılır. Halbuki hamımız bilirik terrorla mübarizə bütün dünyanın əsas prioritetlərindən biridir.

Siyasi şərhçi əlavə edib ki, 44 günlük müharibə dövründə də belə əsassız və absurd iddialar səsləndirilmişdi. Ona görə hesab edirəm ki, bu iddiaların heç bir əsası yoxdur və heç bir nəticə verməyəcək. Bunlar faktlarla təsdiqlənməyib, sadəcə Azərbaycanın müstəqil və suveren xarici siyasətinə kölgə salmaq məqsədi güdür. Amma bu da mümkün deyil. Azərbaycan özü həmişə terrorun qurbanı olub. 44 günlük müharibədə də, eləcə də digər dövrlərdə terror təhdidlərindən özünü qoruyan və terroru sıradan çıxaran ölkələrdən biri kimi çıxış edib. Azərbaycan terrorla mübarizədə daim beynəlxalq koalisiyanın yanında olub və özü də terrora məruz qalan bir dövlət kimi bu istiqamətdə qətiyyətli mövqe sərgiləyib.

Ş. Ağayev əlavə edib ki, bu gün də Azərbaycanda, həmçinin ölkə xaricində terrorla mübarizə aparılır. Məsələn, vaxtilə Suriyaya gedən, orada yerləşən terrorçularla bağlı araşdırmalar aparılır, onların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür. Hətta yaxınlarda Rusiyada Azərbaycan tərəfindən axtarılan bir terrorçu tutuldu və ölkəmizə təhvil verilməsi məsələsi gündəmə gəldi. Yəni bütün bunlar göstərir ki, səsləndirilən iddialar əsassızdır və Azərbaycanın apardığı xarici siyasətə heç bir təsir göstərə bilməz.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31