Əsassız iddiaların arxasında nə dayanır? – Anti-Azərbaycan ritorikasının məqsədləri - ÖZƏL

Rusiya Politoloqlar Cəmiyyətinin Analitik Mərkəzinin direktoru Andrey Serenko iddia edib ki, guya 50 min pakistanlı muzdlunun Əfqanıstan və Türkmənistan vasitəsilə Azərbaycana köçürülməsi planlaşdırılır. O, Türkiyə və İsrail kəşfiyyatının bu prosesdə rol aldığını da yazıb. Halbuki, bu cəfəng fikirlərin heç bir real əsası yoxdur. 
Rusiyadan səslənən bu tip əsassız iddiaların məqsədi nədir və hansı auditoriyaya hesablanıb? Belə xəbərlər Azərbaycan-İran münasibətlərinə təsir göstərə bilərmi, yoxsa yalnız təxribat xarakteri daşıyır?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
" Rusiya hərbi-siyasi elitası, ictimai-siyasi elitası və düşərgəsi bir gərginlik içərisindədir. Putin özü və yaxın ətrafı davamlı olaraq Rusiyada müxtəlif ölkələrə, xüsusən qonşularına, o cümlədən Azərbaycana qarşı əsassız iddiaların səslənməsinə səbəb olan addımlar atmaqdadır. Rusiyada bir qrup təbliğatçı da müxtəlif iddialar səsləndirir qonşu dövlətlərə. Ağlasığmaz fikirlər irəli sürürlər ki, azərbaycanlıları terrorçuluqla eyniləşdirsinlər. Bu cür dezinformasiyalar yaymaqla həm Rusiya cəmiyyətində, həm də beynəlxalq auditoriyada anti-Azərbaycan ovqatı formalaşdırmağa çalışırlar. Təbii ki, bunun ardınca çox mənfi ssenariləri də qələmə verə bilirlər, mümkündür ki, bunu reallaşdırmaq niyyətində olsunlar. İranda da, təəssüf ki, xüsusən SEPAH qrupu bu cür məsələlərdə - təbliğat işlərində çox aktiv iştirak etməyə meyil göstərir. Bu isə təkcə Azərbaycan-İran münasibətlərinə deyil, həm də Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərmək gücündədir. Bu isə əlbəttə ki, xoş qarşılanan məsələ deyil. Azərbaycanın kifayət qədər güclü ordusu var. Biz bunu Rusiya ordusundan fərqli olaraq döyüş meydanında sübut etdik. Ona görə də bizim hər hansı terrorçulara və ya muzdlulara ehtiyacımız yoxdur. Rusiyanın ehtiyacı varmı? Var. Şimali Koreyadan hərbçilər cəlb etdi, nəticədə "məğlubedilməz" Rusiya ordusunun hansı vəziyyətdə olduğunu bütün dünya görmüş oldu. İranın bu məsələlərə ehtiyacı varmı? İsraillə qarşıdurmada müşahidə etdik ki, İranın davranışları, müdafiəsi və hücumları o qədər də adekvat olmadı. Gələcəkdə İranın da bu məsələlərə ehtiyacı ola bilər. Azərbaycanın isə buna ehtiyacı yoxdur.
Ümumiyyətlə, düşünürəm ki, qonşu ölkələrin mediası və ictimai-siyasi şəxsləri iki dövlət arasında bu qədər gərgin situasiya yaradacaq çıxışlar etməkdənsə, münasibətlərin daha normal və sivil müstəviyə gəlməsi üçün səy göstərməlidirlər. Mən bu iddiaları rədd edirəm. Əgər kimsə belə fikirlərlə Azərbaycan haqqında mənfi rəy yaradaraq daha sonra hansısa addımlar atmağı düşünürsə, yanlış hesablamalar aparır. Azərbaycan o dövlət deyil".  

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31